Prezident Davosda mühüm görüşlər keçirdi - FOTO (Yenilənib)

  20 Yanvar 2020    Oxunub : 3782
 Prezident Davosda mühüm görüşlər keçirdi - FOTO (Yenilənib)
Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteynlə görüşü olub.
Azvision.az xəbər verir ki, görüşdə “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteyn rəhbərlik etdiyi qurumla Azərbaycan Dövlət Neft Fondu arasında əməkdaşlığı yüksək qiymətləndirib və bu əməkdaşlığın gələcək istiqamətləri barədə dövlətimizin başçısına məlumat verib.



Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, ötən il ölkəmizdə qeyri-neft sənayesinin 14 faiz, kənd təsərrüfatının isə 7 faiz artdığını bildirib.

Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığı qeyd edilib. Ölkəmizlə vəsaitlərin idarə olunması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Carlyle Group” arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.

***
Bundan başqa, Prezident İlham Əliyev yanvarın 20-də Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə görüşüb.

Görüşdə “CISCO” şirkəti ilə Azərbaycanın uzun müddətdir müxtəlif sahələrdə əməkdaşlıq etdiyi bildirilib. Qeyd olunub ki, “CISCO” şirkəti hazırda Azərbaycanda prioritet istiqamətlər üzrə layihələr reallaşdırmaqdadır. Bu layihələrin bir çoxunun ilkin mərhələləri artıq həyata keçirilib.



Prezident İlham Əliyev “CISCO” şirkətinin Azərbaycan üçün önəmli tərəfdaş olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, bu şirkət üçün Azərbaycanda çox böyük biznes potensialı mövcuddur.

“CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer Azərbaycanda gedən inkişaf proseslərini yüksək qiymətləndirib və şirkətlə ölkəmiz arasında uğurlu təcrübə mübadiləsinin aparıldığını bildirib.

Xanım Kelli Kramer qeyd edib ki, Azərbaycan “CISCO” şirkəti üçün regionda ən önəmli ölkədir.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Davos   Görüş