AQTA 372 min manat cərimə yazıb, 629 ton məhsulu məhv edib

  17 Yanvar 2020    Oxunub : 2253
 AQTA 372 min manat cərimə yazıb, 629 ton məhsulu məhv edib
"AQTA ötən il ölkə ərazisində fəaliyyət göstərən 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirib". Azvision.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, eyni zamanda ötən il AQTA tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sahəsində ümumilikdə 1291 yoxlama həyata keçirilib. AQTA sədri bildirib ki, yoxlamaların 820-i planlı, 471-i isə plandankənar olub:

"748 təsərrüfat subyekti barədə inzibati xəta haqqında 792 protokol tərtib edilib. 629 inzibati cərimə, 36 işin aidiyyəti üzrə göndərilməsi, 21 xəbərdarlıq, 14 şərti cərimə, 6 iş üzrə icraata xitam verilməsi və 5 iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilib. Barəsində icraat aparılan şəxsin inzibati cərimə edilməsi haqqında qəbul edilən qərarlar əsasında 372 530 AZN məbləğində inzibati cərimə tətbiq olunub".

Q.Təhməzli deyib ki, 2019-cu ildə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə aparılan yoxlamalar və idxal-ixrac nəzarəti tədbirləri zamanı ümumilikdə 108.2 min ton və 99.4 min ədəd (buğda, soya, arpa, ting və s.) məhsul zərərsizləşdirilib, 629 ton və 9734.9 litr məhsul məhv edilib, 33.3 ton məhsul isə utilizasiya olunub.

Bildirilib ki, 2019-cu il ərzində Avropa İttifaqı tərəfindən fındıq məhsullarının idxalından 10 dəfə imtina halı müşahidə edilib: "2017-ci ildən 2018-ci ilin iyul ayına qədər isə bu cür imtina hallarının sayı 36 olub. Bundan başqa, ötən il ərzində Daxili İşlər Nazirliyi Baş Prokurorluqla birgə 45 əməliyyat keçirilib, 83 ton təhlükəli qida məhsulu aşkarlanaraq dövriyyəyə daxil olmasının qarşısı alınıb, 20 cinayət işi açılıb".

AQTA sədri qeyd edib ki, idxal olunan məhsulların təhlükəsizliyinin təmin edilməsi, ölkə ərazisinə heyvan xəstəlikləri və bitki zərərvericilərinin yayılmasının qarşısını almaq məqsədilə sərhəd ərazilərə yaxın yerlərdə idxal nəzarəti məntəqələrinin yaradılması ilə bağlı layihələndirmə işlərinə başlanıb: "2020-ci ilin Dövlət İnvestisiya Proqramına uyğun olaraq 2 məntəqənin tikintisinə başlanacaq. Dünya Bankının “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində müfəttişlər üçün 110 yoxlama çantası və 110 ədəd mikrokameraların satınalınması həyata keçirilib".

Q. Təhməzli deyib ki, 2020-ci ildən müfəttişlər həmin vasitələrlə təmin ediləcək: "Layihə çərçivəsində müfəttişlər üçün 110 ədəd yoxlama planşetlərinin satınalınması həyata keçirilib və 2020-ci ildən İT əsaslı yoxlamalara başlanacaq. Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) idxal modulunun ilkin versiyası hazırlanaraq pilot layihə kimi istifadəyə verilib. Eyni zamanda, ixrac sertifikatlarının elektron qaydada verilməsi ilə bağlı AQTİS-də ixrac modulunun hazırlanmasına başlanıb. 2020-ci ildə bütün ölkə ərazisində idxal-ixrac üzrə icazə sənədlərinin elektron qaydada verilməsi planlaşdırılır".

Aytən Zəhra
Azvision.az

Teqlər: AQTA