Naxçıvanda 479 nəfər eksternat qaydada imtahan verib

  16 Yanvar 2020    Oxunub : 2152
Naxçıvanda 479 nəfər eksternat qaydada imtahan verib
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən eksternat qaydada aralıq imtahanı keçirilib. Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən imtahanlarda ümumi orta təhsil bazasından 161, tam orta təhsil bazası üzrə isə 318 olmaqla, ümumilikdə, 479 nəfər iştirak edib.
Azvision.az xəbər verir ki, imtahana müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən və həmin səviyyə üzrə buraxılış imtahanı verərək attestat almaq istəyən namizədlər qatılıblar.

Sərbəst (eksternat) təhsilalma forması əsasında müstəqil hazırlaşıb ümumi orta və ya tam orta təhsil üzrə buraxılış imtahanlarında iştirak etmək istəyən şəxslərin ötən il noyabrın 1-dən bu il yanvarın 10-dək Təhsil Nazirliyində sənəd qəbulu aparılıb.

Ümumi və tam orta təhsil səviyyəsi üzrə attestat almaq üçün müraciət edənlər hər birindən 10 sual olmaqla, 6 fənn (kimya, fizika, informatika, tarix, biologiya və coğrafiya) üzrə imtahan veriblər. Sualların cavablandırılması üçün 90 dəqiqə vaxt müəyyənləşdirilib.

İmtahanlarda uğur qazanmış şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən tam və ümumi orta təhsil səviyyələri üzrə keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək, həmin imtahanlardan müsbət qiymət alanlara ümumi orta və ya tam orta təhsil haqqında attestat veriləcəkdir.

Azvision.az

Teqlər: Naxçıvan   İmtahan