Hulusi Kılıc: “20 Yanvar türk dünyasının matəm günüdür”

  Hulusi Kılıc:  “20 Yanvar türk dünyasının matəm günüdür”
  16 Yanvar 2020    Oxunub:5526
“20 Yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixində ən faciəli günlərdən biri, eyni zamanda, qəhrəmanlıq səhifəsidir”.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıc 20 Yanvar faciəsinin 30-cu ildönümü ərəfəsində deyib. Sabiq səfir bu faciə ilə bağlı kədərini ifadə edib.

"Bu il qara yanvar faciəsinin 30-cu ili tamam olur. Bu, türk dünyasının matəm günüdür. Biz 30 il əvvəlki acıları hələ də unutmadıq. Azərbaycan xalqına qarşı törədilmiş və insan hüquqlarının kobud və kütləvi şəkildə pozulmasına beynəlxalq ictimaiyyət şahid olub. Həmin qara gündə 147 qardaşımız şəhid oldu, 744 qardaşımız isə yaralandı. Bu, həm də qardaş Azərbaycanımızın müstəqilliyə doğru gedən yolu idi və o qardaşlarımız Çanakkale savaşında olduğu kimi, öz ölkələrinin müstəqilliyi uğrunda şəhid oldular.

Onlar vətənin qorunması, onun gələcək nəsillərə əmanət edilməsi üçün canlarından keçdilər. Bu hadisə olmasaydı, bəlkə də Azərbaycan müstəqilliyini gec əldə edəcəkdi. Əsası qoyulan sağlam təməl üzərində Azərbaycan bölgənin parlayan ulduzuna çevrildi. Təsadüfi deyil ki, Azərbaycan günü gündən inkişaf edir və ən möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edir”.

Hulusi Kılıc 20 Yanvar faciəsi ilə bağlı başsağlığını bu sözlərlə ifadə edib: “Öz ölkəsinin, xalqının azadlığı uğrunda canlarından keçən, şəhidlik zirvəsinə ucalan mərd vətən övladlarının xatirəsini əziz tutaraq, bu faciə ilə bağlı azərbaycanlı bacı və qardaşlarıma başsağlığı verir, ulu öndər Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözləri ilə kədərimizi paylaşıram".

Sonda Hulusi Kılıc sözlərini şeirlə tamamlayıb:

"Bayrakları bayrak yapan üstündeki kandır.
Toprak eğer uğrunda ölen varsa, Vatandır".


Pərvanə Sultanova
Azvision.az


Teqlər: HulusiKılıc  





Xəbər lenti