“Həmişə vəzifələrdə olmuşam, həyatım maraqlı keçib” - Səyyad Aran

  15 Yanvar 2020    Oxunub : 5969
 “Həmişə vəzifələrdə olmuşam, həyatım maraqlı keçib” - Səyyad Aran
“Yaş var-dövlət deyil, əksinə finişə yaxınlaşmaqdır”

Bu gün yazıçı-publisist, ictimai-siyasi xadim, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aranın doğum günüdür. 68 yaşı tamam olan komitə rəsmisi doğum günü ilə bağlı təəssüratlarını Azvision.az-la bölüşüb.
- Səyyad müəllim, mənim ənənəvi bir sualım var. İstərdim həmin sualı sizə də verim: deyirlər, yaş kişinin var-dövlətidir. Sizcə, doğrudurmu?

- Yaş ən müxtəlif təqvim illərinin üst-üstə yığıntısıdır. 68-70 yaş var-dövlət ola bilməz. Tez-tez deyirlər ki, qocalığın özü də bir gözəllikdir. Mən bu sözün qəti əleyhinəyəm. Bu, çox yanlış və məntiqsiz fikirdir. Qocalığın hansı gözəlliyi ola bilər ki, artıq sən pilləkanı qalxa bilmirsən, dişlərin tökülür, belin bükülür. Yaşlandıqca arzu etdiyin kimi yeyə bilmirsən, gəzə bilmirsən, Müəyyən bir yerə səyahət edə bilmirsən. Daha az hərəkət edirsən. Evdə fəaliyyətsiz qalıb daha da xəstələnirsən. 60-dan sonra bütün xəstəliklərin qapısı taybatay açılır. Buna görə də yaş var-dövlət deyil, əksinə finişə yaxınlaşmaqdır.

- Fikirləriniz maraqlıdır. Həyatınızı kitab kimi vərəqləsəydiniz, hansı illərinizdə əl saxlayardınız?

- Konkret bir zamanda deyə bilmərəm ki, burada əl saxlayardım. Mənim həyatım həmişə gözəl keçib. 26 yaşımda Ümumittifaq Komsomolunun “ən yaxşı komsomolçu müəllim” adını almışam. Bütün dövrlərdə yaxşı müəllim kimi mənə böyük hörmət olub. Təhsil şöbəsinin müdiri işləmişəm. Bir müddət mətbuatda çalışmışam. Sonra siyasi fəaliyyətə başlamışam. Heydər Əliyevin hakimiyyətə gəlməsində mübarizə aparan ən fədakar insanlardan biri olmuşam.YAP-ın ilk siyasi şurasının üzvü olmuşam. 10 illik deputatlıq dövrüm həyatımın ən parlaq illəridir. 4 illik İstanbulda baş konsul olduğum dövr həyatımın ən unudulmaz günləridir. 8 ildir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müaviniyəm. Həyatım qaydasında keçib. Şikayətim və etirazım yoxdur. Hazırki vəziyyətimdən də tamamilə razıyam. Gözəl kollektivdə işləyirəm. Gözəl rəhbərim, gözəl işçilərimiz var. Həmişə vəzifələrdə olmuşam və həyatım maraqlı keçib.

- Bu gün yuxudan durdunuz, aynaya baxdınız, özünüzə nə dediniz? Hansı dəyişikliyi hiss etdiniz?

- Yuxudan durdum, həmişəki kimi geyinib işə gəldim. Komitədə Mübariz Qurbanlının rəhbərliyi ilə digər müavinlər və komitənin şöbə müdirləri məni ad günüm münasibəti ilə təbrik etdilər. İndi də Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbəri Mehman İsmayılov təbrikə gəlib. Ad günüm həm də onunla yadda qaldı ki, dünən haqqımda gedən yanlış bir yazı ilə bağlı təkzib verdim.

- Ad gününüzdə hansı hədiyyəni qəbul etmək istərdiniz? Ürəyinizdən keçən belə bir həddiyə varmı?

- "Sənə uzun ömür arzulayıram, Səyyad Aran" - bunu desinlər, mənim üçün bəsdir.

- Neçə nəvəniz var? Onlar sizi necə təbrik etdilər?

- 7 nəvəm var. Nəvələrim, gəlinlərim bizə gəldilər. Tunar adlı nəvəm 3 dildə məni təbrik etdi. "Babamız bir dənədir, səninlə fəxr edirik" dedilər.

Qeyd edək ki, 1952-ci ildə İmişli rayonunun Qaradonlu kəndində anadan olan Səyyad Aran Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri olub. Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi kimi fəaliyyət göstərib. Milli Məclisin birinci və ikinci çağırış deputatı seçilib. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavinidir. O, Azərbaycanın əməkdar jurnalisti adını alıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: SəyyadAran