“Yolların tikintisi istiqamətində rekord nəticə əldə edilib” - Prezident

  15 Yanvar 2020    Oxunub : 2854
“Yolların tikintisi istiqamətində rekord nəticə əldə edilib” - Prezident
Keçən il Azərbaycanda bütün sahələr kimi, nəqliyyat sahəsi də inkişaf etmişdir. Bu inkişaf həm real layihələrdə özünü göstərir, eyni zamanda, beynəlxalq təşkilatların hesabatlarında əksini tapır.

Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən deyib.
Dövlət başçısı çıxışında bildirib: "Təkcə onu demək kifayətdir ki, keçən il avtomobil yollarının tikintisi istiqamətində rekord nəticə əldə edilmiş, 1300 kilometr avtomobil yolu çəkilmişdir. Beləliklə, həm şəhərlərarası nəqliyyatın işi yaxşılaşdırılmış, eyni zamanda, magistral yolların çəkilişi davam etdirilmiş, yüzlərlə kəndin yolu abadlaşdırılmış və yenidən qurulmuşdur.

Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda nəqliyyat sahəsində görülmüş işlərə yüksək qiymət verib. Bütövlükdə Azərbaycanın nəqliyyat infrastrukturu Davosun hesabatında dünya miqyasında 31-ci yerdədir. Bu, kifayət qədər böyük göstəricidir. Bu göstəriciyə görə biz bir neçə inkişaf etmiş ölkəni də qabaqlamışıq. Avtomobil yollarının keyfiyyətinə görə biz dünyada 27-ci yerdəyik. Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik.

Yəni, əslində bu, onu göstərir ki, son vaxtlar nəqliyyat sahəsində aparılmış işlər ən yüksək qiymətə layiqdir. Bununla bərabər, keçən il çox önəmli dövlətlərarası layihələr icra edilmişdir. O cümlədən Azərbaycan-Rusiya sərhədində yeni avtomobil körpüsünün istifadəyə verilməsi çox böyük hadisədir. Çünki əvvəlki körpü 1950-ci illərdə tikilmişdi və demək olar ki, sıradan çıxmışdı. Yeni körpü Azərbaycan ilə Rusiya arasında həm nəqliyyat, həm ticarət əlaqələrinin inkişafına xidmət göstərəcək, eyni zamanda, bu körpü Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsidir. Hazırda Rusiya sərhədinə qədər yeni avtomagistral çəkilir və ilin sonuna qədər bu magistralın əsas hissəsi istismara veriləcəkdir".

Prezident vurğulayıb ki, paralel olaraq, Astara şəhərindən İran sərhədinə qədər yeni magistralın çəkilişi nəzərdə tutulur: "Bu məsələ İran tərəfi ilə razılaşdırılıb. Beləliklə, yük avtomaşınları Astara şəhərinə girmədən birbaşa İran istiqamətinə gedə biləcək və yeni avtomobil körpüsü də tikiləcəkdir. Bir neçə il bundan əvvəl iki ölkə arasında yeni dəmir yolu körpüsü tikilmişdir və Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti üçün bunun böyük əhəmiyyəti olmuşdur.

Əlbəttə, keçən il Şərq-Qərb nəqliyyat dəhlizi üzrə daha çox yük daşınmışdır. Bu da təbiidir, çünki Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra bu istiqamətdə böyük canlanma var. Təkcə Şərq istiqamətindən yox, eyni zamanda, Rusiyadan Azərbaycan ərazisindən Türkiyə və Avropa istiqamətinə yüklərin daşınması müşahidə olunur və ildən-ilə bu yüklərin həcmi artacaq. Beləliklə, açıq dənizlərə çıxışı olmayan Azərbaycan beynəlxalq Avrasiya nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir".

Dövlət başçısının sözlərinə görə, builki investisiya proqramında nəqliyyat sektorunun inkişafı üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub. Eyni zamanda, avtomobil yollarının, dəmir yollarının çəkilişi ilə bağlı konkret layihələr icra ediləcəkdir.

"Bu il Ləki-Qəbələ dəmir yolu istifadəyə verilməlidir. Eyni zamanda, biz Bakı-Yalama və Xudat-Şahdağ dəmir yollarının layihələndirilməsinə və inşasına başlayırıq. Beləliklə, biz mövcud dəmir yollarının keyfiyyətini böyük dərəcədə artıracağıq və qatarların sürəti də buna uyğun olaraq artacaqdır.

Həmçinin biz şəhər nəqliyyatının inkişafına da böyük əhəmiyyət veririk. Bu il Bakı şəhərinə əlavə 300 müasir avtobus gətiriləcəkdir və bundan sonra da bu istiqamətdə işlər görüləcək. Eyni zamanda, mənim göstərişimlə yeni taksi avtomaşınları da gətirilməlidir".

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev