Kənd təsərrüfatında dronlardan istifadə genişlənir

Kənd təsərrüfatında dronlardan istifadə genişlənir
  15 Yanvar 2020    Oxunub:3141
Dron və ya pilotsuz uçan aparat (PUA) bu gün elmin və texnikanın tətbiq sahələrinə geniş yol açıb. Dronlar digər uçan aparatlardan xeyli ucuz olduğundan onlardan istifadə iqtisadi cəhətdən çox əlverişlidir.
Azvision.az xəbər verir ki, hazırda dronların kənd təsərrüfatında tətbiqi daha üstün yer tutur və məhz kənd təsərrüfatında onların tətbiqi bu sahədə çox böyük inkişafa səbəb olub. Bu gün dronlardan kənd təsərrüfatının bir çox sahələrində müvəffəqiyyətlə istifadə olunur. Kənd təsərrüfatında tətbiq edilən dronlar əkin sahələrinin müxtəlif istiqamətlər üzrə monitorinqini aparmaqla, qısa müddət ərzində məlumatlar toplayıb sistemləşdirməyə və proqnozlar verməyə imkan verir.

Dronlar əkin sahələrində üçölçülü xəritəçəkmə işlərini yüksək dəqiqliklə həyata keçirir, sahəyə verilən gübrənin bitki tərəfindən mənimsənilmə səviyyəsini müəyyən edə bilir, sahənin suvarılan və ya quraq qalan hissələrini təyin edir, becərilən bitkinin xəstəliklə sirayətlənmə səviyyəsini müəyyən edə bilir.

Dronların kənd təsərrüfatında tətbiqinin aşağıdakı üstünlüklərə malikdir: torpaq tədqiqatı və aqrotexniki tədbirlərin daha dəqiq aparılması; müşahidələrin aparılması üçün ayrılan zamana xeyli qənaətin edilməsi; nəqliyyat vasitələrindən istifadəyə xeyli qənaətin edilməsi; əkin sahələrində məşğul olan işçilərin sayını azaldaraq əmək haqqı fonduna qənaətin edilməsi; yeni texnologiyaların tətbiqi nəticəsində kənd yerlərində iş üçün gənc mütəxəssislərin cəlb edilməsi.

Ölkəmizdə ilk dəfə Ucar rayonunda çiləyici ilə təchiz edilmiş DJİ AGRAS MG-1P dronu vasitəsilə qırmızı tor gənəsinə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçrilib. Dron vasitəsilə kimyəvi mübarizə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun "Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası"nın elmi işçisi Etibar İbrahimov və "Bitki seleksiyası" şöbəsinin elmi işçisi Zöhrab Qəribov tərəfindən həyata keçirilib.

Mütəxəssislər hesab edir ki, pambıq sahəsində qırmızı tor gənəsinə qarşı kimyəvi mübarizədə ağır texnikanın əvəzinə drondan istifadə edilməsi məqsədəuyğundur.


Azvision.az


Teqlər: Dron   KTN   Nazirlik  





Xəbər lenti