Korrupsiyaya görə ən çox müraciət edən qurumlar

  15 Yanvar 2020    Oxunub : 2707
Korrupsiyaya görə ən çox müraciət edən qurumlar
Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətləri və hüquqpozmalarının yayıldığı sahələrin müəyyənləşdirilməsinə diqqət artırmaqla preventiv tədbirlərin təsir gücünün məhz bu istiqamətlərə yönəldilməsinin səmərəliliyi son illərin təcrübəsi ilə bir daha öz təsdiqini tapmaqdadır.
Azvision.az xəbər verir ki, bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, əvvəlki dövrlərdə olduğu kimi hesabat ilində korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilərkən 29 halda inzibati pozuntu aşkar edildiyindən, İnzibati Xətalar Məcəlləsinin 192, 198 və 228-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatların başlanması haqqında qərarlar qəbul edilərək, toplanan materiallar aidiyyəti üzrə müvafiq icra orqanlarına və məhkəmələrə göndərilib.

“Araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 118 təqdimat göndərilib, 35 halda vətəndaş və ya vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilib”.

K.Əliyevin sözlərinə görə, ötən ildə Baş İdarə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat Nazirlikləri, Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi arasında qurulmuş səmərəli və işgüzar əməkdaşlıq ələqələri intensivləşmiş, bu da öz növbəsində qabaqlayıcı əhəmiyyətə malik olmaqla, həmin sahələrdə korrupsiya cinayətlərinin və digər hüquqpozmalarının vaxtında aşkar edilməsinə, onların aradan qaldırılmasına, həmin qanun pozuntularına yol vermiş şəxslərin ifşa edilərək cinayət və inzibati məsuliyyətə cəlb edilmələrinə və bununla da digər şəxslər tərəfindən qanun pozuntusuna yol verilməsinin qarşısının alınmasına böyük töhfə verib:

“Belə ki, 2019-cu il ərzində Baş İdarəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 32, Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş 25, İqtisadiyyat Nazirliyindən daxil olmuş 21, Dövlət Gömrük Komitəsindən daxil olmuş 7 material əsasında araşdırma aparılıb və bir sıra hallarda cinayət işləri başlanıb”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Korrupsiya