“Ermənistanı bütün önəmli layihələrdən təcrid etmişik” - İlham Əliyev

  “Ermənistanı bütün önəmli layihələrdən təcrid etmişik” -    İlham Əliyev
  14 Yanvar 2020    Oxunub:3275
Ermənistan bu gün bizim səylərimiz nəticəsində siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanıdır. Torpaqlarımızdan çıxmayana qədər bu vəziyyət belə də qalacaq.
Azvision.az xəbər verir ki, bunu yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

Prezident bildirib ki, Azərbaycan dünya əhəmiyyətli nəhəng layihələr icra edir: "Onların arasında Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum, TANAP qaz kəmərləri var. Cənub Qaz Dəhlizi bu il istismara veriləcək. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib və bu yol vasitəsilə yükdaşımaların həcmi ildən-ilə artır. Bakı-Tbilisi-Qars Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsidir. Biz bu layihəni qonşu ölkələrlə - Türkiyə və Gürcüstan ilə uğurla icra etdik. Digər qonşularımızla - Rusiya və İran ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlər uğurla gedir və demək olar ki, bu dəhliz fəaliyyət göstərir. Sadəcə olaraq, bu dəhlizi daha da səmərəli etmək üçün növbəti addımlar atılır. Bu nəhəng enerji və nəqliyyat layihələri Ermənistandan yan keçib. Bu, bizim qonşularımızdır, eyni zamanda, Rusiya istisna olmaqla, Ermənistanın da qonşularıdır. Yəni, biz qonşularla dostluq, əməkdaşlıq, səmimiyyət əsasında münasibətləri qurmuşuq və məhz buna görə bu layihələrə nail olmuşuq. Ermənistan isə əsrlərboyu qonşulara xor gözlə baxır, qonşulardan nəsə qoparmaq istəyir, onların torpağına iddia edir, tarixi saxtalaşdırır, tarixi abidələri saxtalaşdırır və özününküləşdirməyə cəhd edir. Fərq bundan ibarətdir".

Dövlət başçısı daha sonra qeyd edib: "Ermənistanı bu enerji və nəqliyyat layihələrindən biz təcrid etmişik və bunu heç vaxt gizlətməmişik. Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz Ermənistanı regionda bizim iştirakımızla reallaşdırılan bütün önəmli layihələrdən təcrid edəcəyik və biz buna nail olduq, həmişə olduğu kimi sözümüzə sadiq qaldıq. Ermənistan bu gün bizim səylərimiz nəticəsində siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanıdır. Torpaqlarımızdan çıxmayana qədər bu vəziyyət belə də qalacaq".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Müşavirə  





Xəbər lenti