Hindistanın Vətəndaşlıq Aktına düzəliş - Səfirliyin şərhi

Hindistanın Vətəndaşlıq Aktına düzəliş -  Səfirliyin şərhi
  10 Yanvar 2020    Oxunub:2678
Hindistan Parlamentinin hər iki palatası Vətəndaşlıq Dəyişiklik Aktını (CAA) qəbul etməklə hökumətin 1955-ci il Vətəndaşlıq Aktına düzəliş edib.
Hindistanın Bakıdakı səfirliyindən bununla bağlı Azvision.az-a verilən açıqlamada bildirilib ki, aktın əsas məqsədi 31 dekabr 2014-cü ilədək dini təqiblərə məruz qalan Hindistana qaçan və uzun müddət Hindistanda yaşayan vətəndaşlığı olmayan şəxsləri hüquq və dövlət xidmətləri ilə təmin etməkdir.

Akta əsasən, Hindistana qonşu olan üç ölkənin azlıq icmalarından olan bu miqrantlar altı il yaşayış müddəti bitdikdən sonra Hindistan vətəndaşlığını almaq hüququ qazanacaqlar. Akt başqa bir ölkədən və ya hər hansı bir dindən gələn xarici vətəndaşın Hindistan vətəndaşlığına müraciət etməsinə mane olmur. Bununla belə, bu kimi şəxslər 1955-ci il Vətəndaşlıq Aktı ilə müəyyən edilmiş bütün keyfiyyətləri yerinə yetirdikləri təqdirdə, tələb olunan yaşayış müddəti 12 il qalacaq.

Açıqlamada vurğulanıb ki, Hindistan Parlamentinin qəbul etdiyi heç bir qanun, o cümlədən “Vətəndaşlıq Dəyişiklik Aktı 2019” hər hansı bir Hindistan vətəndaşını vətəndaşlıqdan məhrum edə bilməz. Hindistan, Parlament demokratiyası olaraq, inancından və dilindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini təmin edir və ölkənin hər bir vətəndaşı Konstitusiyasda təsbit edilən eyni əsas hüquqlardan istifadə edir.

“Vətəndaşlıq Dəyişiklik Aktının əcnəbilərin deportasiyasına səbəb olacağı barədə xəbərlər əslində düzgün deyil, çünki aktın heç bir əcnəbinin Hindistandan deportasiyası ilə əlaqəsi yoxdur və dinindən və ya ölkəsindən asılı olmayaraq xarici vətəndaşın hər hansı bir deportasiyası Vətəndaşlıq Dəyişiklik Aktının mövcud qanunlarına uyğun və müstəqil şəkildə həyata keçiriləcəkdir”, məlumatda deyilir.

Milli Əhali Reyestrinin (NPR) Vətəndaşların Milli Reyestri (NRC) ideyası ilə əlaqələndirilməsinə gəldikdə, səfirliyin rəsmisi bunların tamamilə ayrı iki məsələ olduğunu izah edib. Belə ki, Milli Əhali Reyestri Hindistanda yaşayan bütün şəxslər, o cümlədən elan olunmuş xarici vətəndaşlar üçün məlumatlardan ibarətdir. Milli Əhali Reyestri ölkədə ilk dəfə siyahıyaalma ilə birlikdə 2010-2011-ci illərdə aparılıb, halbuki Vətəndaşların Milli Reyestri (NRC) barədə qərar qəbul edilməyib. Bununla yanaşı, yaşayış yerində miqrasiya, doğum, ölüm və bu kimi əhəmiyyətli dəyişikliklər olduğu üçün Milli Əhali Reyestri yenilənməlidir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hindistan   Səfirlik  





Xəbər lenti