XİN-dən seçki açıqlaması: Avropa Parlamentinə dəvət göndərilməyib

     XİN-dən seçki açıqlaması:    Avropa Parlamentinə dəvət göndərilməyib
  10 Yanvar 2020    Oxunub:3348
Bu ilin 9 fevral tarixində ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı aidiyyəti üzrə ölkəmizin Milli Məclisi tərəfindən parlament nümayəndə heyətlərinə və üzvü olduğumuz Parlament Assambleyalarına, həmçinin Xarici İşlər Nazirliyi tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT, MDB, GUAM, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, QDİƏT, İslam Əməkdaşlıq Şurası və digər beynəlxalq və regional təşkilatlara dəvət məktubları göndərilib.
Azvision.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Avropa Parlamentinin ölkəmizdə keçiriləcək parlament seçkilərində müşahidəçi qismində iştirak etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

XİN rəsmisi bildirib ki, Azərbaycan tərəfi əsasən üzvü və iştirakçısı olduğu təşkilatlara 9 fevral seçkilərini izləmək dəvəti ilə müraciət ünvanlayıb: "Konkret olaraq, Avropa Parlamentinin (AP) yaydığı məlumata gəldikdə isə, öncə onu vurğulamaq istərdim ki, AP-nin yaydığı bu məlumatın qurumun seçkiləri müşahidə etməkdən imtina etməsi kimi qiymətləndirilməsi tamamilə yanlışdır. Birincisi, Azərbaycan tərəfi AP-yə belə bir dəvət ünvanlamayıb ki, AP də bu dəvətdən imtina etsin. Ümumiyyətlə, qeyd etmək istərdim ki, ölkəmizin Avropa Parlamenti qarşısında hər hansı bir öhdəliyi yoxdur. İkincisi, bu, AP-nin prosedur qaydalarına uyğun olaraq verilmiş, yəni AP-nin müşahidəçi qismində iştirak etmədiyi seçkilərdə üzvlərin şəxsi qisimdə iştirak edəcəyinə dair yayılmış bir məlumatdır".

L.Abdullayeva onu da qeyd edib ki, bütün seçkilər ərəfəsində şəffaflığın təmin olunması məqsədilə seçkilərdə iştirak edən müşahidəçilərin qeydiyyatı ilə bağlı məlumatlar mütəmadi qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən ictimaiyyətə təqdim olunur.

Azvision.az



Teqlər: XİN  





Xəbər lenti