Prokurorluq orqanlarında “Könüllülük hərəkatı”nın davamlılığı təmin olunur

   Prokurorluq orqanlarında “Könüllülük hərəkatı”nın davamlılığı təmin olunur
  09 Yanvar 2020    Oxunub:2452
Xəbər verdiyimiz kimi, bu gün Baş Prokurorluqda 2019-cu ildə prokurorluq orqanları tərəfindən görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan əməliyyat müşavirəsi keçirilib.
Azvision.az -ın məlumatına görə, müşavirədə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə olan yüksək qayğı və diqqətinin təzahürü kimi son bir neçə ildə ölkəmizdə geniş vüsət almış “könüllülük” hərəkatının sosial-ictimai həyatın bütün sahələrində aktiv və səmərəli fəaliyyətinin nəticəsi olaraq ötən il dekabrın 30-da dövlət başçısı tərəfindən imzalanan Sərəncamla gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini daha da artırmaq məqsədilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilib.

Xüsusilə vurğulanıb ki, 2019-cu ildə “Könüllülük hərəkatının” prokurorluqda da davamlılığının təmin olunması məqsədilə hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan gənclərin institusional bacarıqlarının artırılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili üçün 162 tələbənin ictimai köməkçi qismində prokurorluq orqanlarının fəaliyyətinə cəlb edilməsi təmin edilib.

2020-ci ildə prokurorluqda “İctimai Köməkçi” qismində könüllü fəaliyyət göstərən tələbələrin dövlət gənclər siyasətinin ən böyük dəstəkçilərindən birinə çevrilməsi, milli, mənəvi və dövlətçilik dəyərlərinin onlara aşılanması, digər könüllülərlə əlaqələrinin gücləndirilməsi və onların təşkilatlanması məqsədilə tədbirlərin həyata keçirilməsi üçün müvafiq göstərişlər verilib.

Hesabat dövründə ölkəmizdə həyata keçirilən gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarına işə qəbulun müsabiqə yolu ilə aparılmasının prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi istiqamətində əldə edilmiş müsbət işlər diqqətə çatdırılıb.

Azvision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti