İlham Əliyev: `Bizim standartlar Avropa standartları kimi qəbul ediləcək`

İlham Əliyev: `Bizim standartlar Avropa standartları kimi qəbul ediləcək`
  20 Dekabr 2013    Oxunub:1120
Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Şahdağ" qış-yay turizm kompleksində olublar.Dövlət başçısı və xanımı "Şahdağ", "Pik Palas" otellərinin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə də iştirak ediblər.

Azərbaycan Prezidenti bildir bildirib ki, hər ilin sonunda idmançılarla görüşür, ilin idman yekunlarını müzakirə edir: `Hər il bu görüşlər Milli Olimpiya Komitəsinin binasında keçirilir. Bu dəfə biz bu görüşü Şahdağda keçiririk. Hesab edirəm ki, bu da bir ənənə olacaq. Çünki Şahdağ bu gün Azərbaycanın turizm və idman mərkəzinə çevrilmişdir. Bu gün, eyni zamanda, "Şahdağ" və "Pik Palas" otellərinin açılışı günüdür. Bu gün Azərbaycanda, Qusar rayonunda, Şahdağda iki beşulduzlu otel açılır. Bu münasibətlə də sizin hamınızı ürəkdən təbrik etmək istəyirəm`.

Prezident deyib ki, ilk dəfə bu dağlarda olur: `Yadımdadır ki, biz Azərbaycanda dağ turizmini inkişaf etdirmək istəyəndə yerin seçilməsi ilə məşğul idik. Xarici mütəxəssisləri dəvət etdik. İlk dəfə burada olarkən mən heç təsəvvür edə bilməzdim ki, Şahdağ qısa müddət ərzində beynəlxalq turizm mərkəzinə çevriləcəkdir. Əlbəttə ki, bizim konkret planlarımız var idi. Çox məhdud vaxt müddəti də qoyulmuşdu. Ancaq deyə bilərəm ki, biz bu dərəcədə inkişaf etmiş və dünyanın ən yüksək səviyyəsinə çatan kurortun yaradılmasını arzulayırdıq, amma bəlkə də təsəvvür edə bilmirdik. Çünki burada heç nə yox idi. Dağlar idi, qar idi. Heç yaşayış yeri də yox idi. Bu yerdə biz ilk növbədə infrastruktur layihələrinin icrasına başlamışdıq. Yollar, elektrik, qaz, su xətləri çəkildi, bütün digər infrastruktur layihələri icra edildi. Qaldırıcılar tikilməyə başlandı. Birinci otelin tikintisi ilə bağlı konkret qərar verildi. Bu otelin tikintisi təsdiqləndi və tikinti başlandı. Ondan sonra mən hesab etdim ki, Şahdağ bir çox turistləri cəlb edəcəkdir. Belə olan halda burada bir otelin tikintisi yəqin ki, tələbatımızı ödəyə bilməyəcəkdi. Ondan sonra digər otellərin tikintisi ilə bağlı məsələlər qalxdı. Şadam ki, artıq bu meydanda üç otelin tikintisi başa çatır. İki otel bu gün açılır, üçüncü otel isə yəqin ki, bir neçə aydan sonra açılacaq`.

Dövlət başçısı qeyd edib ki, bu ilin əvvəlindən artıq turistlər buraya gəlməyə başlayıb. Baxmayaraq ki, burada qalmağa da yer yox idi: "Aşağıda kiçik bir "Zirvə" oteli fəaliyyət göstərir. Ancaq şənbə, bazar günlərində buraya Bakıdan, digər yerlərdən, Qusar rayonundan minlərlə insan gəlmiş, istirahət etmiş, xizək idman növü ilə tanış olmuşdur. Beləliklə, artıq bir ildir ki, bu kurort yaşayır. Bu iki otelin açılması əlbəttə ki, bu kurortun inkişafına yeni təkan verəcək. Əminəm ki, bundan sonra da Azərbaycan və xarici iş adamları, investorlar burada yeni otellərin tikintisi ilə bağlı təkliflərini verəcəklər. Ümid edirəm ki, gələcəkdə burada bir çox otellər tikiləcək. Beləliklə, biz Azərbaycanda ilk dəfə olaraq dağ xizəyi kurortunun yaradılmasına nail ola bilmişik".

İlham Əliyev bildirib ki, "Şahdağ" kurortunun yaradılması Azərbaycanda turizmin inkişafına xidmət göstərir. Eyni zamanda, ölkəmizin imkanlarını göstərir: "Çünki bir halda ki, biz bir neçə il ərzində dünya səviyyəli kurortu yarada bilmişiksə, deməli, bütün başqa sahələrdə də böyük işlər görməyə qadirik. Əslində bugünkü Azərbaycan reallıqları bunu təsdiqləyir. Biz strateji xəttimizə sadiqik, hədəflər düzgün seçilir, qərarlar, konkret tapşırıqlar verilir, icra müddəti müəyyən edilir və məsələlər öz həllini tapır. Sovet dövründə Azərbaycanda heç vaxt dağ kurortları olmamışdır. Baxmayaraq ki, qonşu bölgələrdə olmuşdur. Ona görə qərar verildi ki, Azərbaycanda da olsun və Azərbaycanda bu kurort ən yüksək standartlara cavab verməlidir. İnfrastruktur, otellər, qaldırıcılar, sürüşmə zolaqları və əlbəttə ki, insanların rahatlığı üçün burada çox böyük işlər görülüb.

Deyə bilərəm ki, dünya miqyasında, Avropada dağ xizəyi kurortları arasında Şahdağ artıq öz layiqli yerini tutub. Daxili turizm çox sürətlə inkişaf edir. Ancaq biz çalışmalıyıq ki, xarici qonaqlar da bu imkanlardan istifadə etsinlər. Onsuz da Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Əminəm ki, qış kurortlarına da xarici qonaqlar gələcəklər. Eyni zamanda, deyə bilərəm ki, bu layihə Qəbələ rayonunda da dağ xizəyi kurortunun yaradılmasına təkan vermişdir. Orada da artıq kurort hazırdır və xizək idman növündən istifadə etmək mümkün olacaqdır".

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın sürətli inkişafı bütün sahələri əhatə edir: "Bu layihə deyə bilərəm ki, ölkəmizin turizm sektoruna qoyulan ən böyük sərmayədir. Bizim ən böyük dövlət sərmayəmiz Qusar rayonunun turizm potensialına qoyulubdur və qoyulacaqdır. Bu, eyni zamanda, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı deməkdir. Bu kurortun fəaliyyətə başlaması yüzlərlə, gələcəkdə isə minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaqdır. Burada fəaliyyət göstərən qurumlardan tələbim və xahişim ondan ibarətdir ki, yerli insanları bu işlərə daha çox cəlb etsinlər, Qusarda və ətraf rayonlarda yaşayan vətəndaşlar işlə təmin olunsunlar. Yəni, bu kurortun yaradılması bir neçə məqsədi güdür. Bu, bizə qeyri-neft sektorunun, turizmin inkişafı, ölkəmizi dünyada daha da dolğun şəkildə tanıtmaq imkanlarını yaradır. Bu, Azərbaycan vətəndaşları üçün çox gözəl şərait yaradır. Çünki mən bilirəm ki, xizək idman növü Azərbaycanda populyarlaşır və vətəndaşlarımız xarici ölkələrə üz tuturlar".

Prezident vurğulayb ki, artıq Azərbaycanda dünyanın ən yüksək standartlarına cavab verən gözəl bir yer var: "Eyni zamanda, bu gün biz idmançıların uğurlarını qeyd edirik. 2013-cü il Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. 2012-ci ildə Olimpiya Oyunlarında qazanılmış qələbələr 2013-cü ildə davam etmişdir. Azərbaycan idmançıları Tələbələrin Yay Universiadasında böyük uğurlara imza atmışlar - komanda hesabında 15-ci yerə layiq görülmüşlər, 16 medal qazanmışlar. Ümumiyyətlə ölkə idmançıları 780-dən çox medal qazanmışlar ki, onlardan 280-ni qızıl medaldır. Eyni zamanda, Olimpiya idman növləri üzrə dörd dünya çempionumuz olmuşdur. Bu da çox böyük göstəricidir".

İlham Əliyev deyib ki, Azərbaycan idman dövlətidir. Bunu artıq dünya idman aləmi etiraf edir, qəbul edir. Əlbəttə ki, idmanın dayanıqlı inkişafı üçün çox böyük işlər görülür. Azərbaycanda mütəmadi qaydada beynəlxalq yarışlar, dünya, Avropa çempionatları keçirilir. Yeniyetmələr, gənclər idmana böyük maraq göstərirlər: "İndi idmanla məşğul olmaq üçün bizim gözəl imkanlarımız vardır. Qırx regional olimpiya mərkəzi fəaliyyət göstərir. Bölgələrdə beş mərkəz tikilməkdədir, beş mərkəzin tikintisi nəzərdə tutulur. Beləliklə, bölgələrdə Olimpiya komplekslərinin sayı 50-yə çatacaqdır. Bakıda böyük idman qurğuları tikilir. Hazırda 65 minlik Olimpiya Stadionu, Böyük Su İdman Növləri Sarayı, Gimnastika Mərkəzi, Stend Atıcılığı Mərkəzi tikilir. Yəni, bunlar böyük infrastruktur layihələridir, Azərbaycanda istənilən beynəlxalq yarışın keçirilməsi üçün imkan yaradan infrastrukturdur.

- Əlbəttə ki, 2014-cü ildə biz birinci Avropa Oyunlarına hazırlıqla bağlı daha da böyük addımlar atacağıq. Çünki gələn il oyunlara hazırlıq üçün həlledici il olacaq. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi dövlətimizin, xalqımızın böyük qələbəsidir. Bu, tarixdə qalacaq. Biz elə etməliyik ki, bu oyunlar ən yüksək səviyyədə keçirilsin. Bu günə qədər Avropa Oyunları keçirilməmişdir. Avropa Oyunlarının tarixi yoxdur, baxmayaraq ki, Olimpiya hərəkatı Avropada yaranmışdır və Avropada bərpa edilmişdir. Ona görə Avropa Oyunlarının hansı standartlara cavab verəcəyini biz müəyyən edəcəyik. Bizim standartlar artıq oyunlar başa çatandan sonra Avropa Oyunlarının standartları kimi qəbul ediləcək. Biz isə istəyirik ki, bu oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirək və buna imkan vardır. O vaxta qədər bizim idman obyektlərimiz tam hazır olacaqdır. Eyni zamanda, Əl Oyunları Sarayında, Heydər Əliyev İdman Mərkəzində əsaslı təmir işləri aparılır. Bakıda artıq ona yaxın beşulduzlu otel fəaliyyət göstərir. Dünyanın bütün aparıcı otel şirkətləri Azərbaycandadır,- deyə dövlət başçısı bildirib.

O, vurğulayıb ki, yol infrastrukturu yeniləşir, təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilir: "Əminəm ki, Azərbaycanda bütün texniki məsələlər yüksək səviyyədə həll olunacaqdır. Çünki biz artıq dünya və Avropa çempionatlarının keçirilməsində böyük təcrübə toplamışıq. Bir sözlə, əminəm ki, Avropa Oyunları Avropanın, dünyanın diqqətini çəkən oyunlar olacaqdır. Ona görə biz çalışmalıyıq ki, bu oyunları ən yüksək səviyyədə keçirək. Əminəm ki, biz buna nail olacağıq. Təşkilat Komitəsi yaranmışdır. Təşkilat Komitəsi fəal işləyir. Biz tanınmış idmançılarımızı da bu işlərə cəlb etməliyik ki, onlar da, könüllülər də fəal iştirak etsinlər. Bir sözlə, gələn il bu oyunlara hazırlıq üçün həlledici il olacaqdır. Ondan iki il sonra - 2017-ci ildə Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Azərbaycan yeganə ölkə olacaqdır ki, həm Avropa, həm İslam Həmrəyliyi Oyunları keçiriləcək.

Əminəm ki, bu oyunlar həm Avropanı, həm İslam aləmini biri-birinə daha da yaxın edəcəkdir. Biz bu məsuliyyəti öz üzərimizə götürmüşük. Dünyanı, qitələri, xalqları, sivilizasiyaları birləşdirən ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə mövcud olan xoş əhval-ruhiyyə, xoş niyyət, dözümlülük, mehribanlıq bu gün artıq dünya ictimaiyyəti tərəfindən təqdirlə qeyd edilir. Çoxsaylı forumlar, humanitar forumlar, iqtisadi, siyasi tədbirlər keçirilir".

Prezident xatırladıb ki, iki gün bundan əvvəl Azərbaycanda tarixi hadisə baş verib. "Şahdəniz-2" layihəsinə start verilib: `Bu layihə XXI əsrin layihəsidir, Azərbaycanın böyük tarixi uğurudur. Xalqımızın rifahı, ölkəmizin inkişafı üçün bu layihənin müstəsna rolu olacaqdır. Bütün bu uğurları biz öz zəhmətimiz hesabına əldə etmişik. Azərbaycanın enerji siyasəti birmənalıdır, düşünülmüş siyasətdir. İki gün bundan əvvəl Avropanın bir çox ölkələrindən dövlət, hökumət başçılarının iştirakı ilə keçirilən tədbir bir daha ölkəmizin önəmini ortaya qoyur. Azərbaycan etibarlı tərəfdaşdır, layiqli dövlətdir, güclü dövlətdir, iqtisadiyyatı güclüdür, güclü siyasət aparır, idmanı güclüdür, infrastrukturu yeniləşir. Ən önəmlisi Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü rahat hiss edir. Azərbaycan bizim hamımızın Vətənidir, hamımızın evidir: "Elə etməliyik ki, bundan sonra da ölkəmizin uğurlu inkişafı təmin edilsin. İdman isə hər bir ölkənin ümumi inkişaf potensialını göstərir. Əgər idman sahəsində aparıcı ölkələrə nəzər salsaq görərik ki, onların arasında mütləq əksəriyyət inkişaf etmiş ölkələrdir. İnkişaf etmiş ölkələrdə idman da güclü olur.

Azərbaycan bu gün sürətlə inkişaf edən ölkədir. Gələcəkdə inkişaf etmiş ölkəyə çevriləcəkdir. İdman isə bizim gücümüzü göstərir. İdmançılar ölkəmizi ləyaqətlə təmsil edirlər, bayrağımızı göylərə qaldırırlar. Onların qələbələri hər birimizin qəlbində gözəl əks-səda verir. 2013-cü il də bu sahədə uğurlu il olmuşdur. Biz hər ilin sonunda idmançıları mükafatlandırırıq, onlara mənzillər verilir. Bu da gözəl ənənəyə çevrilib. Bu ənənə bu gün də davam etdiriləcək`.


Teqlər:  





Xəbər lenti