Cüdoçularımız 2019-cu ili uğurla başa vurublar

  30 Dekabr 2019    Oxunub : 1145
Cüdoçularımız 2019-cu ili uğurla başa vurublar
Başa çatmaqda olan 2019-cu il Azərbaycan cüdoçuları üçün uğurlu olub. İdmançılarımız rəsmi beynəlxalq yarışlarda çoxlu sayda medallara və tarixi nailiyyətlərə imza atıblar. Bu il ərzində böyüklər, gənclər, yeniyetmələr, paralimpiyaçılar və veteranlardan ibarət milli yığma komandalarımızın üzvləri iştirak etdikləri beynəlxalq səviyyəli yarışlarda 159 medal qazanıblar. Bunlardan 40-ı qızıl, 46-sı gümüş və 73-ü bürünc medaldır.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının hesabatında bildirilib.

Qeyd olunub ki, federasiya cüdo üzrə bütün milli komandalarımızın yerli və beynəlxalq təlim-məşq toplanışlarını yüksək səviyyədə keçirib. Cüdoçularımızın hazırlıq planı üzrə nəzərdə tutulan bütün beynəlxalq yarışlarda iştirakı təmin edilib, onlara diqqət və qayğı göstərilib. Əlbəttə, bu yarışlardan ən mötəbəri Tokioda keçirilmiş dünya çempionatıdır. Azərbaycan cüdoçuları bu mötəbər yarışda iki medal qazanıblar. Belə ki, 73 kiloqram çəki dərəcəsində yarışan Rüstəm Orucov və Hidayət Heydərov dünya çempionatının gümüş və bürünc medallarına sahib olublar. Rüstəm Orucov hazırda çəki dərəcəsində Beynəlxalq Cüdo Federasiyasının dünya reytinq cədvəlinə başçılıq edir.

Minskdə keçirilmiş ikinci Avropa Oyunlarında da milli komandamız tarixi nailiyyətə imza atıb. Yığmanın aparıcı üzvü Rüstəm Orucov Avropa Oyunlarının gümüş mükafatçısı tituluna yiyələnib. Daha dörd cüdoçumuz Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elmar Qasımov və İrina Kindzerska isə Oyunların bürünc medalını qazanıblar.

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi əsas milli komandamızla yanaşı, gənc və yeniyetmə cüdoçularımızın da inkişafına böyük önəm verir. Onlar üçün yaradılan şəraitdən maksimum bəhrələnən gənclərimiz cari ildə keçirilmiş Avropa və dünya çempionatı kimi mötəbər yarışlarda uğurlu nəticələr göstəriblər. Qazaxıstanın paytaxtı Almatıda keçirilmiş Avropa birinciliyində yeniyetmələrdən ibarət millimiz Azərbaycan cüdosu tarixində ilk dəfə olaraq komanda yarışının finalına çıxaraq gümüş medal qazanıb. Yeniyetmə cüdoçularımız bu il, həmçinin Bakıda keçirilmiş Avropa Yeniyetmələrinin Olimpiya Festivalında 2 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olublar. Gənc cüdoçularımız da Avropa və dünya birinciliyində, müxtəlif səviyyəli beynəlxalq yarışlarda çoxlu sayda medallara layiq görülüblər. Gənclərimiz dünya birinciliyində 1 gümüş, 1 bürünc, qitə yarışında isə 1 gümüş və 2 bürünc medal qazanıblar. U-23 Avropa birinciliyində də millimiz aktivinə 1 qızıl və 1 gümüş medal yazdırıb.

Bununla yanaşı, qabaqcıl məşqçilərimiz, hakimlərimiz, həkimlərimiz və digər mütəxəssislərimiz müntəzəm olaraq beynəlxalq seminarlarda və təcrübə mübadiləsi proqramlarında iştirak edir, öz bilik və bacarıqlarını artırırlar. Sevindirici haldır ki, federasiyanın hakimlər komitəsinin üzvü Nazim Umbayev Rusiyanın İjevsk şəhərində keçirilmiş U-23 Avropa burinciliyini idarə edən referilər sırasında yer alıb. Daha iki hakimimiz - Məmmədəli Quluzadə və Rəşad Əliyev imtahandan uğurla keçərək beynəlxalq dərəcəli hakim adına layiq görülüblər. Beləliklə də beynəlxalq dərəcəli hakimlərimizin sayı 8-ə çatıb. Məşqçi Rafael Şahverdiyev isə Yaponiyada beynəlxalq cüdo təhsili proqramı üzrə məşğələlərdə fəal iştirakına görə diplomla təltif olunub.

Paralimpiyaçı cüdoçularımız iştirak etdikləri beynəlxalq yarışlarda 32 medal qazanıblar. Azərbaycanın veteran cüdo hərəkatı da diqqətdən kənarda qalmayıb. Usta cüdoçularımız Avropa və dünya çempionatında 14 medala layiq görülüblər.

Federasiya fəaliyyətinin prioritet istiqamətlərindən biri də bölgələrdə cüdonun inkişaf etdirilməsidir. Bu sahədə artıq bir neçə regional cüdo mərkəzlərinin açılışı baş tutub. Federasiya tərəfindən cüdo tatamiləri və cüdoqi geyim dəstləri bu zallarda təmənnasız məşq etməyə cəlb olunan yüzlərlə yeniyetmələrin istifadəsinə əvəzsiz olaraq verilib. Cari ilin ötən ayı ərzində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkəmizin 7 bölgəsində 2 yaş qrupunda yeniyetmələr arasında regional birinciliklər, o cümlədən Sumqayıt və Bakı şəhərlərinin birincilikləri keçirilib. Bölgə idmançılarının böyük axını müşahidə olunan regional birinciliklərində yüksək təşkilatçılıq səviyyəsi və iştirakçıların rekord sayı mütəxəssislərə seleksiya işlərinin aparılması və yığma komandalara yeni namizədlərin hazırlanması üçün əlverişli şərait yaradıb. Belə ki, təyin olunmuş şəhərlərin əsasən, Olimpiya komplekslərində baş tutan yarışlarda respublikamızın 51 şəhər və rayonundan 2000-dən artıq yeniyetmə idmançı iştirak edir. Qalib və mükafatçılar qarşıdan gələn Azərbaycan birinciliklərində iştirak etmək hüququ qazanıblar. Tovuz rayonunda həm regionlararası yarışların final mərhələsi, həm də 2-ci Federasiya kuboku turniri yüksək səviyyədə keçirilib.

İlin sonunda kişilər və qadınlar arasında keçirilən cüdo üzrə Azərbaycan çempionatı da möhtəşəmliyi ilə yadda qalıb. Yüksək səviyyədə təşkil edilən yarışda 332 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Cari ilin may ayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük Dəbilqə” turniri artıq 4-cü ildir ki, tətbiq etdiyimiz yüksək təşkilatçılıq standartlarında keçirilib. Bu fakt iştirakçı dövlətlərin nümayəndələri tərəfindən şifahi olaraq ünvanımıza səslənən təşəkkür sözlərində, eləcə də Beynəlxalq Cüdo Federasiyasından daxil olmuş ekspertlər qrupunun yekun hesabat protokolunda öz əksini tapıb. Bu bir daha onu göstərir ki, ölkə prezidenti İlham Əliyevin idman sahəsində yürütdüyü uğurlu siyasət sayəsində Azərbaycan nüfuzlu beynəlxalq idman təşkilatları tərəfindən idman ölkəsi kimi tanınır, mötəbər yarışlara ev sahibliyi etimadını qazanır.

Qarşıdan gələn ildə Olimpiya Oyunları, Avropa çempionatı, gənclər və yeniyetmələrin Avropa və dünya birincilikləri, eləcə də dünya cüdo turu çərçivəsində “Böyük Dəbilqə” və “Qran-Pri” seriyası yarışları, “Masters” turniri, müxtəlif qitə kuboku çempionatları keçiriləcək.

Azvision.az

Teqlər: Cüdo   Yarış