Gələn il üçün manatla bağlı proqnoz

  30 Dekabr 2019    Oxunub : 1036
Gələn il üçün manatla bağlı proqnoz
Manatın məzənnəsinin dinamikası növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.

Qeyd olunub ki, hesablamalara görə, manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının artırıcı təsiri daha yüksəkdir.

"Mövcud məzənnə rejimi çərçivəsində Mərkəzi Bank manatın məzənnəsinin makroiqtisadi fundamentallar əsasında formalaşmasına şərait yaradacaq. Manatın məzənnəsinin uzunmüddətli dinamikasını müəyyənləşdirən başlıca amil tədiyə balansının vəziyyəti olacaq ki, bu da xarici şokların və kapital axınlarının təsiri ilə dəyişə bilər. Ona görə də, başlıca ixrac məhsulları üzrə qiymətlərin dəyişimi və kapital axınları, eləcə də nominal və real effektiv məzənnələrin dinamikası daim monitorinq olunacaq, onların iqtisadiyyata və maliyyə bazarlarına təsirləri diqqətdə saxlanacaq. Xarici valyuta təklifi mənbələrinin şaxələndirilməsi, habelə dövlət tərəfindən valyuta təklifi və tələbinin effektiv tənzimlənməsi qarşıdakı dövrdə də valyuta bazarında uzunmüddətli tarazlığın əsas təminatçısı kimi çıxış edəcək. Mərkəzi Bank tələb-təklif nisbətini hamarlamaq üçün valyuta bazarına müdaxilə hüququnu özündə saxlayır. Növbəti ildə də Mərkəzi Bank valyuta bazarına müdaxilələri məhdud həcmdə və sayda həyata keçirilməklə fundamental və konyunktur amillər əsasında formalaşan meyilləri nəzərə alacaq. Mərkəzi Bank valyuta bazarının likvid və şəffaf olmasını, onun özünütənzimləmə rejimində çalışmasını təşviq edəcək. Növbəti ildə də müdaxilə əməliyyatlarının həcmi və valyuta ehtiyatları barədə məlumatlar ictimaiyyətlə mütəmadi paylaşılacaq”, - deyə bəyanatda bildirilib.

Azvision.az

Teqlər: Mərkəzi-Bank   Hesabat   Məzənnə