Mənəvi Dəyərlərin Təbliği Fondu builki hesabatını açıqladı

  28 Dekabr 2019    Oxunub : 1529
Mənəvi Dəyərlərin Təbliği Fondu builki hesabatını açıqladı
Cari ildə Mənəvi Dəyərlərin Təbliği Fondu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən rəsmi olaraq məscidlərə təyin edilmiş 1000-dən çox din xadiminə ilboyu maddi yardım göstərib.
Azvision.az xəbər verir ki, bu barədə Mənəvi Dəyərlərin Təbliği Fondunun ilin yekunlarına dair hesabatında məlumat verilib. Qeyd olunub ki, 2019-cu ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Fonda ayrılmış 100 min manat vəsait hesabına 22 qeyri-İslam dini icmasına maddi dəstək göstərilib. Ölkədə fəaliyyət göstərən müsəlman dini icmalar tərəfindən təqdim olunmuş 71 maarifləndirici layihə Fond tərəfindən maliyyələşdirilib.

Həmçinin Fondun təşkilatçılığı ilə qeyri-İslam dini icmalarla birlikdə “Tolerant Azərbaycan” layihəsi çərçivəsində bayramlarda və əlamətdar günlərdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Bakı şəhəri Dağ Yəhudiləri dini icması və Alban-Udi Xristian dini icmasının fəaliyyətinə həsr edilmiş konfranslar keçirilib.

2019-cu ildə Fondun təşkilatçılığı ilə media nümayəndələri arasında “Milli mətbuat – milli düşüncə” adlı məqalə müsabiqəsi keçirilib. Həmçinin Bakı şəhərində fəaliyyət göstərən bir dini icma Fondun maliyyə dəstəyi ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə əlaqədar “Şeyxülislam Allahşükür Paşazadə-70” adlı kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında məqalə müsabiqəsi elan edib. Hər iki müsabiqənin qalibləri pul mükafatı və diplomlarla mükafatlandırılıb.

2019-cu il ərzində Fond tərəfindən qeyri-hökumət təşkilatlarının sosial xarakterli, habelə mənəvi dəyərləri təbliğ edən layihələri də maliyyələşdirilib. Bununla əlaqədar QHT-lər ilə əməkdaşlıq çərçivəsində 15 layihə icra edilib. Fondun təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə ölkənin 9 müxtəlif regionunda məktəblərin 9-11-ci sinif şagirdləri arasında “Dəyərlərimizi öyrənək” adlı intellektual yarışlar təşkil edilib. Yarışlarda qalib gələn komandalar sonda final mərhələsində yarışmış və qaliblər mükafatlandırılıb.

Bundan əlavə Mənəvi Dəyərlərin Təbliği Fondu ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Yunus Əmrə İnstitutu və bir sıra digər təhsil ocaqları ilə də əməkdaşlıq edir, mütəmadi olaraq onlarla birlikdə maarifləndirici tədbirlər həyata keçirilir. 2019-cu ildə Fond, Təhsil NazirliyiBakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə əməkdaşlığı ilə “Multikulturalizmə giriş” ali məktəblər üçün dərslik nəşr edilib. Həmçinin Azərbaycan İlahiyyat İnstitutunda tədris edilən bir sıra dərsliklərin nəşri Fond tərəfindən maliyyələşdirilib.

Bu ilin Ramazan ayında Fond tərəfindən Bakı şəhəri də daxil olmaqla, ölkənin müxtəlif bölgələrində şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələr üçün ümumilikdə 13 iftar süfrəsi təşkil edilib. Ölkə üzrə 411 şəhid ailəsi, müharibə veteranı və aztəminatlı ailəyə ərzaq yardımı verilib.

Fond, həmçinin müxtəlif müəlliflər tərəfindən təqdim olunan mənəvi dəyərlərin təbliği, dinlərarası dialoqun gücləndirilməsi, radikalizmlə mübarizəyə aid maarifləndirici və dini mövzularda ədəbiyyatların nəşrinin həyata keçirilməsinə maliyyə dəstəyi göstərib. Bu il ərzində Fondun maliyyə dəstəyi ilə 50-yə yaxın müxtəlif adda ədəbiyyat nəşr olunub.

Həmçinin Fondun dəstəyi ilə mənəvi dəyərləri təbliğ edən 6 sənədli film və 6 sosial videoçarx hazırlanıb.

Azvision.az

Teqlər: Mənəvi-Dəyərlərin-Təbliği-Fondu