Dərman vasitələrinin farmakonəzarət qaydası təsdiqlənib

Dərman vasitələrinin farmakonəzarət qaydası təsdiqlənib
  27 Dekabr 2019    Oxunub:2888
Nazirlər Kabineti "Dərman vasitələrinin farmakonəzarət Qaydası"nı təsdiqləyib.
Azvision.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

“Dərman vasitələrinin farmakonəzarət Qaydası” əhalinin daha təhlükəsiz və effektli dərman vasitələri ilə təmin edilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və mövcud boşluqların aradan qaldırılması məqsədilə hazırlanıb.

Farmakonəzarətin təşkili dərman vasitələrinin əlavə təsirlərinin izlənməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, müvafiq tədqiqatların aparılması və bu sahədə zəruri tədbirlərin görülməsinə dair icra mexanizmlərini tənzimləyəcəkdir. Eyni zamanda qaydada dərman vasitələrinin əlavə təsirlərinin izlənilməsində və aşkarlanmasında tibb işçiləri və dərman şirkətlərinin məsuliyyət və vəzifələri də müəyyən edilib.

Qəbul olunmuş qayda mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün müalicə-profilaktika müəssisələrinə, dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi və onun müvəkkil etdiyi şəxslərə şamil olunur.

Dərman vasitələrinin farmakonəzarət qaydasının qəbul edilməsi ölkəmizdə farmakonəzarət sisteminin qurulmasına və inkişafına imkan verəcək, dərman dövriyyəsinin bütün iştirakçılarının məsuliyyətini artıracaq və əhalinin təhlükəsiz və keyfiyyətli dərman vasitələri ilə təmin edilməsi üçün zəmin yaradacaqdır.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti   Dərman  





Xəbər lenti