Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi açıldı - FOTOLAR

 Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi açıldı -  FOTOLAR
  26 Dekabr 2019    Oxunub:12476
Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi fəaliyyətə başlayıb.
Azvision.az xəbər verir ki, açılış mərasimində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, vəkillər və ictimaiyyət nümayəndələri iştirak ediblər.



Anar Bağırov deyib ki, mərkəz konfrans zalı, rəhbər otağı, konfidensial otaq, vəkillərin fəaliyyəti üçün geniş sahəyə malik qəbul masaları, müvafiq iş otağı ilə təmin edilib. Onun sözlərinə görə, gələcəkdə regionda fəaliyyət göstərən vəkillər üçün distant təlimlərin keçirilməsi məqsədilə telekonfrans sistemi nəzərdə tutulub.



A.Bağırov vurğulayıb ki, mərkəz vətəndaşlara peşəkar hüquqi yardımın göstərilməsi, mövcud qanunvericiliyə əsasən vəkillərin dövlət hesabına hüquqi yardımın göstərilməsinə cəlb olunduğu işlərin təşkil edilməsi və vəkillərə həmin işlər üzrə məhkəmə qərarı ilə müəyyən edilmiş haqqın vaxtında ödənilməsinin təmin edilməsi, habelə vəkillərin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün onların tədrisə cəlb olunması işlərini təmin edəcək.



Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib ki, nazirlik Vəkillər Kollegiyası ilə hüquq sahəsində faydalı əməkdaşlıq edir. Onun sözlərinə görə, Ədliyyə sahəsində yeniliklərin ictimaiyyətə çatdırılmasında Vəkillər Kollegiyasının üzvlərinin də rolu böyükdür: "Dünya o qədər qloballaşıb, cəmiyyət inkişaf edib ki, biz özümüzü təkmilləşdirməsək, yeni biliklər əldə etməsək, bizim fəaliyyətimiz donub qalar. Bu baxımdan təhsil, təlim, tədris bizim üçün çox önəmlidir. Sevindirici haldır ki, Vəkillər Kollegiyasının üzvləri bu məsuliyyəti öz üzərlərində hiss edir və daim özlərini təkmilləşdirirlər".

Mərkəzə rəhbərlik Vəkillər Kollegiyası İntizam Komissiyasının rəhbəri Şahmar Məmmədova həvalə olunub.

Xatırladaq ki, Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi Bakı şəhərinin Nəsimi rayonunda yerləşir.












Elvin Abdulqədirov
FOTO: Şahin Sərdarov

Azvision.az


Teqlər: Vəkil  





Xəbər lenti