İlin iflası, yaxud, iki “19” arasında – TƏHLİL

      İlin iflası,    yaxud, iki “19” arasında –    TƏHLİL
  26 Dekabr 2019    Oxunub:12263
Bu il Azərbaycan müxalifətinin radikal seqmenti üçün sözün həqiqi mənasında iflas ili oldu. Son illərdə radikallar heç vaxt bu qədər ağır vəziyyətə düşməmişdilər. Səbəb isə onların iki “19” arasında manevr etməyə cəhd göstərərkən buraxdıqları dəhşətli taktiki səhv idi. Söhbət 19 yanvar və 19 oktyabr mitinqlərindən gedir.
Milli Şuranın ilin əvvəlində baş tutan 19 yanvar mitinqi əvvəlki aksiyalara nisbətən daha aktiv keçmişdi. Bunun bir neçə səbəbi vardı: Həmin vaxt sosial şəbəkədə gündəm olan mövzudan faydalanmaları, “Real”çıların və digər siyasi maraq qruplarının da aksiyaya qoşulmaları... Nəticədə radikallar reallıq hissini çox ağır şəkildə itirdilər. Əvvəlcə ölkədə baş verən hər şeyi – yürüdülən islahatlar kursunu, sosial paketlərin qəbulunu, bir sözlə, əvvəlcədən planlaşdırılan və həyata keçirilən yeniləşmə dalğasını gülünc bir şəkildə “iqtidarın 19 yanvar mitinqindən qorxması” ilə izah etməyə başladılar. Bu, get-gedə aşkar marazm şəklini almağa başlayırdı, bəlli olurdu ki, sürətlə qabaran yersiz və əsassız eyforiya müxalifəti yaxşı istiqamətə aparmayacaq.

Öz uydurmalarına özləri inandıqca radikalların şüuru dumanlanmağa və onlarda “güclərinə” qeyri-adekvat inam yaranmağa başladı. İlin ortalarına doğru onlara elə gəldi ki, əgər 19 yanvar mitinqi ilə hakimiyyəti belə böyük islahatlara vadar edə biliblərsə, demək, iqtidar onlardan çəkinir; demək, addım-addım başqa tələblər də qoyaraq, lap qabağa getmək olar. Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında AXCP-nin piketinə icazə verilməsi isə bu eyforiyanı pik həddə çatdırdı. Radikallar son illərdə heç vaxt 2019-cu ilin sentyabrındakı qədər özlərinə əmin görünməmişdilər... Məhz bu yanaşma onları gətirib 19 oktyabr fiaskosuna çıxardı.



Çöküş ondan başladı ki, Milli Şura Lökbatanda icazəli mitinq keçirməkdən boyun qaçıraraq, şəhərin mərkəzində icazəsiz aksiyaya gedəcəyini elan etdi. Bu, Sevinc Osmanqızının kanalında özünü çox aqressiv aparan Əli Kərimlinin nə qədər dayaz, iki gediş sonranı görməyi bacarmayan, diletant bir siyasətçi olduğunu ortaya qoydu. Doğrudanmı, 25 il müxalifətdə papağını günə yandıran bu şəxs özlərini və hakimiyyətin gücünü real qiymətləndirə bilməmişdi?! Doğrudanmı o, 19 yanvardan sonra hakimiyyətin radikallardan qorxduğu barədə özlərinin uydurduqları nağıllara özü də inanmışdı?! Yox, əgər belə deyildisə, məqsədi nə idi?!

19 oktyabr günü radikallar icazəsiz mitinqi təyin etdikləri yerə - metronun “28 may” stansiyasının yanındakı meydana nəinki gedə, hətta 5-6 kvartalına yaxınlaşa da bilmədilər. “Radikallar” deyəndə bir az yekə də görünə bilər – dəqiqləşdirsək, söhbət maksimum 50-60 nəfərlik dəstədən gedirdi.
Aksiyaya gəlməyə cəhd edərkən Əli Kərimli özünü siyasi karyerasının bəlkə də ən rəzil durumlarından birinə saldı. Güman ki, o, ətrafında tərəfdarlarından ibarət sıx izdihamın olacağını proqnozladırmışdı. Amma maksimum 4-5 nəfərin qoluna girərək, getdiyi məqamlarda situasiya bütün çılpaqlığı ilə ona aydın oldu. Həmin kadrlara baxanda hiss olunurdu ki, Kərimli əks tərəfdə hiss etdiyi böyük gücün qarşısında sınıb. Özünün acizliyini dərk etdikcə iradəsinin qalan çilikləri də onu tərk edir, ayaqları dolaşır, dizləri bükülür, sifəti əyilirdi. Həmin an o, daha “youtube” yayımlarında od püskürən, hakimiyyətə uzaqdan yumruq silkələyən “cəsarətli” müxalifət liderinə yox, üstünə davaya getdiyi qonşu məhəllənin gücünü görüb, qorxudan dili tutulan xuliqan uşağa oxşayırdı. Hədəqəsindən çıxmış gözlər, əsən vücud, təntiyən nəfəs, qorxudan əsən dodaqlardan qırıq-qırıq qopan nidalar... Həqiqətən rəzalət dolu bir tablo idi.



Əvvəlcə radikal media / sosial media bu kadrları paylaşaraq, hakimiyyətin “qəddarlığı” görüntüsü yaratmağa çalışdılar. Amma alınmadı: Çünki Əli Kərimliyə qarşı hansısa zorakılığın edildiyini göstərən bircə dənə kadr belə, yox idi. Heç nə! Sıfır! O, sırf qorxudan, keçirdiyi vahimədən bu hala düşmüşdü.
Sonra özünün guya polis maşınında və bölmədə döyüldüyünə dair düzəltdiyi maskarad da alınmadı, sübut edildi ki, hospitalda heç bir zədəsinin olmadığı haqqında sənədə özü qol çəkib; alnındakı tikişlər isə gah 6 oldu, gah 9, gah da “X-men” filmindəki mutantlar sayaq, sirrli şəkildə yoxa çıxdı.



“Die Another Day» filmində belə bir açılış səhnəsi var: Ceyms Bond şimali koreyalılara əsir düşür. Onu hər gün möhkəm döyürlər. Nəhayət, bir gün ingilis kəşfiyyatı dustaqları dəyişdirərək, Bondu geri qaytarır. Tibbi ekspertiza gösərir ki, az qala iki il hər gün döyülməyinə baxmayaraq, Bondun bütün daxili orqanları sağ-salamatdır. “M” dərindən nəfəs alaraq, deyir: “Bəli, bu, həqiqətən də, Bonddur!” Əli Kərimlinin polis şöbəsində döyülməsi də təxminən buna bənzəyirdi: Möhkəm cüssəli oğlanlar onu yerə yıxıb, iki saat təpikləyiblər, sonda məlum olur ki, hər yeri salamatdır. Bunu eşidən Bond kənara çəkilib, əsəbdən əlləri əsə-əsə bir siqaret yandırır...





Radikal medianın / sosial medianın həmin kadrları hakimiyyətin qəddarlığı kimi qələmə vermək cəhdi boşa çıxandan sonra vəziyyət tam əksinə döndü: Həmin səhnə Əli Kərimlinin qorxaqlığını, psixoloji qeyri-sabitliyini sübut edən əyani vəsaitə çevrildi. Bu dəfə insanlar həmin şəkilləri “Heç bundan da lider olarmı?!” ritorikası ilə paylaşmağa başladılar. Youtube yayımlarında rahat otağında gözlərindən qığılıcımlar səpilən Kərimli obrazı getdi, yerinə ayaqları əsən, dizləri bükülən, sifəti vahimədən əyilən Kərimli obrazı gəldi.

Bu, ilin iflası idi. Həmişə ictimai obrazının qayğısına qalan, 90-cı illərdə ələ keçirdiyi “Azadlıq” qəzetindən üzübəri media ilə aktiv işləyərək, özünə lider imici yaratmağa çalışan Kərimli bircə gündə gölməçəyə düşmüş Tıq-Tıq xanıma döndü. Və bu Tıq-Tıq xanım 19 oktyabrdan üzübəri hələ də özünə gələ bilmir.



...İslahatlar dalğası isə müxalifətin biabırçı 19 oktyabr mitinqindən sonra daha da gücləndi və sürətləndi. Beləcə, ilin sonuna doğru aksiom qəti şəkildə təsdiqini tapdı ki, bu kursun müxalifət və onun 19 yanvar mitinqi ilə heç vaxt heç bir əlaqəsi olmayıb. Çünki əgər islahatların başlanmasına səbəb müxalifətin uğurlu mitinqi idisə, uğursuz mitinqdən sonra hər şey qurtarmalı idi. Amma əksinə oldu.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: İlin-yekunları   Müxalifət   Radikallar   Əli-Kərimli  





Xəbər lenti