“Sosial şəbəkələrdə intellektual diskussiya boşluğu var”

“Sosial şəbəkələrdə intellektual diskussiya boşluğu var”
  19 Dekabr 2013    Oxunub:899
“Təəssüflər olsun ki, bəzən gənclərin təşəbbüskarlıq səviyyəsi tam qaneedici səviyyədə olmur”.

“Müstəqil Azərbaycan bu gün bölgədə nəhəng layihələrə imza atır. Cənab Prezident İlham Əliyev 2020-ci ilə qədər Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi tapşırığını verib. "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası uğurla icra olunur. Qarşıya qoyulan hədəflərə çatmaq siz gənclərin təşəbbüskarlığından, bilik səviyyəsindən, əzmkarlığından, Vətənə verəcəyiniz töhfələrdən çox asılıdır”.

AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Bakıda keçirilən ASAN Könüllüləri Gənclər Təşkilatının I qurultayında çıxışı zamanı deyib.

E.Aslanov bildirib ki, yaxşı təhsil almış, savadlı, müasir dünyagörüşlü, vətənpərvər, milli köklərə bağlı, şəxsi keyfiyyətləri yüksək olan gənc peşəkarlar yeni dövrün əsas inkişaf lakomativi sayılır. "Biz gələcəyi qurarkən məhz sizlərin bu potensialına arxalanırıq. Son illər dövlət qulluğuna qəbul olunanların böyük əksəriyyəti gənclər olublar. Azərbaycan gənci bu gün öz dövlətinə xidmət etməyə, onun inkişafında iştirak etməyə can atır. Artıq heç kimdə şübhə qalmayıb ki, Azərbaycanda yüksək biliklərə malik olmaqla layiqli yer tapmaq, həyatda özü üçün yaxşı şərait yaratmaq mümkündür".

PA-nın şöbə müdiri deyib ki, bu gün istedadlı gənclərə dövlət sifarişi var. Dövlət sifarişi üzrə müxtəlif ixtisaslar üzrə hətta tam ödənişli ali təhsil müəssisələsində də pulsuz oxumaq şansı mövcuddur: "Azərbaycanın bölgələrində Gənclər evləri açılır, gənclərin inkişafı üçün komplekslər yaradılır. İlk dəfə olaraq gənclər üçün Prezident mükafatı təsis olunub. Əlbəttə, bütün bunlar böyük stimullardır, həm də siz gənclərə olan etimaddır, böyük gözləntilərdir. Lakin təəssüflər olsun ki, bəzən gənclərin təşəbbüskarlıq səviyyəsi tam qaneedici səviyyədə olmur. İndi gündəlik internetdən istifadə etməyən, sosial şəbəkələrdə olmayan gənc tapmaq çətindir. Son statistik rəqəmlərə görə, hazırda facebook-da 1 milyon 120 mindən çox, twitter-də onminlərlə azərbaycanlı istifadəçi qeydiyyatdan keçib".

Onun sözlərinə görə, əgər 2000-ci ildə dünya əhalisinin cəmi 6%-i, yəni 360 milyon nəfəri internet istifadəçisi idisə, bu rəqəm 2005-ci ildə 16 %-ə, yəni 1 milyard nəfərə, 2010-cu ildə 29 %-ə, yəni 2 milyard nəfərə çatdı. Hazırda isə dünya əhalisinin 39%-ini ötməklə 3 milyard nəfərdən çox insan internet istifadəçisidir. Proqnozlara görə, 2020-ci ilə qədər bu göstərici 5 milyard nəfərə çatacaq: "Azərbaycan gəncləri dünyanın bu inkişaf trendini nəzərə almalıdır. Artıq müasir sosioloqların köhnə nəsil kimi qəbul etdiyi "X" nəslini rəqəmsal texnologiyalarla tanış olan "Y" nəsli, onu isə internet, şəbəkə nəsli kimi tanınan "Z" nəsli əvəzləyib. İndi isə yeni internet nəsli gəlir. Bu "C" adı ilə tanınır. Sıx şəbəkələşmiş, məzmun mərkəzli, kömpüterləşmiş, ünsiyyətə açıq istiqamətli "C" nəsli (connected, content centric, computerized, community oriented) 2020-ci ildə dünya əhalisinin 40 %-ni təşkil edəcək".

E.Aslanov bildirib ki, informasiya cəmiyyəti getdikcə böyüyür. Odur ki, virtual məkanlarda da Azərbaycanın mövqeyinin qorunması, müdafiəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırma, reaksiyalar çox mühümdür:

"Mən bunu açıq söyləyəcəm, sosial şəbəkələrdə intellektual diskussiya boşluğu var, Azərbaycan qarşı əsassız ittihamlara gənclərimiz tərəfindən verilən cavabları, reaksiyaları yetərli saymaq olmaz. Azərbaycana qarşı çirkin kampaniya aparmaq istəyənlər, bu niyyətə düşənlər məhz reaksiyalardan ehtiyat edib geri çəkilməlidir. Təşəbbüskarlıq bu məsələdə öndə olmalıdır, bu cür əsassız ittihamlara gənclərimiz heç bir dövlət qurumunu, məmurunu gözləmədən özləri cavab verməlidir. Cavabsız deyilik axı? Şükürlər olsun ki, deməyə tutarlı sözümüz də var, dilimiz də. Mən dilimiz deyəndə, həm də xarici dilləri bilənlərin sayının artmasını nəzərdə tuturam.

Erməni lobbisinin təxribatçı fəalliyyət dairəsini hər bir imkandan istifadə edərək daraltmaq, onları ifşa, etdikləri əməllərə görə peşman etmək lazımdır".

PA-nın şöbə müdiri deyib ki, bu gün Azərbaycana qarşı şəbəkə müharibəsi aparılır: "Bu müharibənin qısaca söyləsəm, sxemi belədir: milli dövlət, onun lideri, siyasi elitası hədəf götürülür; xalq, onun əsrlərlə yaratdığı, yaşadığı milli dəyərlərin dəyərsizləşdirilməsinə cəhdlər edilir; müstəqilliyimizi, suverenliyimizi zəiflətməyə, siz gəncləri öz məkrli niyyətlərində alət etməyə hesablanan niyyətlər üçün fürsətlər axtarılır".

Bu mənada müşahidə olunanları belə qruplaşdırmaq olar: "Birincisi, ikili standartlar. Çox vaxt görürük ki, Azərbaycana qarşı ikili standartlar tətbiq edilir. Bunu ölkə həyatında əlamətdar, tarixi hadisələr olan dövrlərdə daha intensiv hiss etmək olur. İkincisi, Azərbaycana qarşı formalaşdırılan streotiplər. Burada da yenə erməni lobbisinin böyük rolu duyulur, Azərbaycan haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılır, dezinformasiya yolu ilə yalnış rəylər formalaşdırılır. Üçüncüsü, Azərbaycanın müstəqil siyasətinin bəzi qüvvələr tərəfindən bəyənilməməsi, həzm edilməsidir. Azərbaycanı özlərindən asılı vəziyyətə salmaq istəyənlərin hər dəfə uğursuzluğa düçar olması onları bəzən az qala qisas almağa sövq edir. Bütün bunların qarşısında güclü vətəndaş amili, dövlət-vətəndaş birliyi ən böyük səddir. Çünki Azərbaycanın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, ona xidmət dayanır. Azərbaycan dövlətinin və xalqının milli maraqları hər şeydən üstün tutulur. Gənclər də milli maraqların müdafiəsi üçün hər cür fədakarlığa getməyə hazır olmalıdır, Vətənin müstəqilliyi hər şeydən üstündür".

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti