Şəhid övladları üçün Yeni il şənliyi təşkil olunub

Şəhid övladları üçün Yeni il şənliyi təşkil olunub
  24 Dekabr 2019    Oxunub:3589
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə birgə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində şəhid övladları üçün şənlik təşkil edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, şənlikdən əvvəl uşaqlar yeni ildə istədikləri hədiyyələr haqqında Şaxta babaya məktub yazıblar. Şəhid övladlarının öz arzularını qələmə alıb Şaxta babaya ünvanladıqları məktublar nazirliyin əməkdaşları tərəfindən oxunub və onların arzuları yerinə yetirilib. Nazirliyin kollektivi budəfəki Yeni il şənliyini uşaqlar üçün unudulmaz və yaddaqalan günlərdən birinə çevirmək üçün əllərindən gələni etsə də, uşaqların Şaxta babaya yazdıqları məktublarda bəzilərinin qələmə aldıqları ürəkləri sızladıb.

Şəhid baş leytenant Nurid Abdullayevin oğlu Ümidin Şaxta babaya məktubundan: “Bu il və bundan sonrakı bütün yeni illərdə atamızın yanımızda olmasını istəyirik. O gəlsə, həm anam, həm qardaşım, həm nənəm, həm də mən xoşbəxt olaram. Hamımız sevinərik”.

Şəhid mayor Əhməd Abdullayevin oğlu Nihadın qələmə aldığı arzularından: “İllərdir arzuladığım diləyimi yazmaq istəyirəm. Mən 2020-ci ildə ataların sağ qalmasını, bizlərin atasız böyüyən son uşaqlar olmasını diləyirəm. Bu mənim ən böyük arzumdur”.

Şaxta baba onların bəzilərinin arzularını yerinə yetirməkdə aciz qalsa da, hər bir şəhid övladını ayrıca təbrik edib, hədiyyəsi ilə sevindirib. Qeyd edək ki, Şaxta baba məhz uşaqların yazdıqları məktublarda istədikləri hədiyyələrlə onların görüşünə gəlib.

Tədbirdə, eyni zamanda, körpələr üçün xüsusi müsabiqələr, əyləncəli oyunlar təşkil olunub.

Azvision.az


Teqlər: Yeni-il   şənlik  





Xəbər lenti