Hindistanda daha 140 nəfər saxlanılıb

Hindistanda daha 140 nəfər saxlanılıb
  24 Dekabr 2019    Oxunub:1631
Hindistanın paytaxtı Dehlinin mərkəzi rayonlarında etiraz aksiyası keçirməyə cəhd edən daha 139 nəfər saxlanılıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, onların arasında tələbələr çoxluq təşkil edir.

Polisdən bildirilib ki, aksiya iştirakçılarının saxlanılması zəruri tədbirdir, çünki şəhərdə kütləvi toplaşma və nümayişlərə qadağa qoyulub. Bu qadağanın pozulması cinayət məsuliyyətinə və ağır cərimələrə səbəb olur.

Paytaxtdan əlavə, Hindistanın digər şəhərlərində də yeni vətəndaşlıq qanununa qarşı nümayişlər davam edir. Son iki gündə xarici ölkələrin universitetlərdə təhsil alan hindistanlı tələbələr və hind icmalarının nümayəndələri Vaşinqton, Nyu-York, London, Tokio, Melburn, Amsterdam və digər şəhərlərdə genişmiqyaslı etiraz aksiyaları keçiriblər.

Rəsmi olaraq qüvvəyə minən vətəndaşlıq qanununa edilən və qalmaqala səbəb olan düzəlişə görə, Cənubi Asiyanın qonşu ölkələrindən olan Əfqanıstan, Pakistan və Banqladeşin qeyri-müsəlman əhalisi vətənlərində pis rəftara məruz qaldıqları halda, Hindistan pasportunu sadələşdirilmiş qaydada əldə edə biləcəklər. Bu düzəlişlərin konstitusiyanı pozduğunu deyən Hindistan müsəlmanları etirazlara başlayıblar. Onlar hesab edirlər ki, qeyd edilən düzəlişlər dünyəvi bir ölkədə bəzi vətəndaşlara dini zəmində təzyiqdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hindistan   Etiraz   Aksiya  





Xəbər lenti