Leyla Əliyeva “And” tamaşasının premyerasında - FOTOLAR

  23 Dekabr 2019    Oxunub : 1951
 Leyla Əliyeva “And” tamaşasının premyerasında - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə və ƏSA Teatrı tərəfindən J.B.Molyerin “Xəsis” əsərinin motivləri əsasında hazırlanmış “And” tamaşasının premyerası olub.
Azvision.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təqdim edilən tamaşanın premyerasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Premyeradan əvvəl Leyla Əliyeva teatrın foyesində təqdim olunan yeni kitabla - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin əməkdaşlığı çərçivəsində hazırlanmış və görmə imkanları məhdud şəxslərin şeirlərindən ibarət “Zülməti dələn işıq” kitabı ilə tanış olub. O, kitabda şeirləri dərc olunan görmə imkanları məhdud şəxslərlə görüşüb. Leyla Əliyevaya görmə imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyan “Danışan kitab” və “Danışan rəng” layihələri nümayiş olunub, ona görmə imkanları məhdud şəxslərin ifasında mahnılardan ibarət disk təqdim edilib. Eyni zamanda, Leyla Əliyevanın görmə imkanları məhdud insanlara həsr etdiyi şeir əsasında və nazirliyin dəstəyi ilə bəstəkar Nuranə Cabbarlının bəstələdiyi “Qəlbimin gözü ilə” mahnısı görmə imkanları məhdud istedadlı xanəndə Nərmin Əliyevanın ifasında təqdim olunub. Leyla Əliyeva görmə imkanları məhdud şəxslərə yeni yaradıcılıq uğurları arzulayıb, onlarla xatirə şəkli çəkdirib.



Kitabın təqdimatı tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əlilliyi olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılmasının Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O bildirib ki, bu sahədə həyata keçirilən siyasətin icrasında, əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud gənclərin və uşaqların qayğı ilə əhatə olunmasında, onların reabilitasiya imkanlarının genişləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib layihə və təşəbbüsləri mühüm rola malikdir. Əlilliyi olan şəxslərin bacarıqlarının cəmiyyətə tanıdılmasına dəyərli töhfələr verən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu kateqoriyadan olan insanlara, onların sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına daim xüsusi qayğı ilə yanaşır. Leyla Əliyeva tez-tez sosial müəssisələrdə olur, bu müəssisələrin sakinləri, əlilliyi olan insanlarla görüşür və həmin insanlara diqqət və qayğının artırılması, eləcə də onların yaradıcılıq potensiallarının ictimaiyyətə tanıdılması işlərinə daim dəstək göstərir.



Nazir diqqətə çatdırıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycanda ilk inklüziv teatr olan ƏSA Teatrı ilə əməkdaşlığı çərçivəsində hələ ötən ilin dekabrında “Göy quş” tamaşasının, “Nəsimi ili”nə bir töhfə olaraq bu ilin oktyabr ayında isə “Nəsimi” antreprizasının uğurlu təqdimatları olub. Eyni zamanda, nazirliyin layihəsi kimi, ötən ilin dekabrında sosial müəssisələrin istedadlı sakinləri, onların yaradıcılıq nümunələri barədə məlumatları əhatə edən ilk nəşr kimi Azərbaycan və ingilis dillərində 278 səhifəlik “Əlillik qüsur deyil” kitab-albomu təqdim edilib. Görmə imkanları məhdud şəxslərin şeirlərindən ibarət “Zülməti dələn işıq” kitabının nəşri də bu istiqamətdə növbəti layihədir. “Zülməti dələn işıq” kitabında görmə imkanları məhdud 18 şairin 100-ə yaxın şeiri dərc olunub. Kitabın hazırlanması və nəşri görmə imkanları məhdud insanların yaradıcılığının dəstəklənməsi və cəmiyyətə tanıdılması, onların gələcək uğurlara stimullaşdırılması məqsədi daşıyır. Nazirlik növbəti layihə kimi görmə imkanları məhdud şəxslərin hekayələrindən ibarət kitabın da nəşrinə dəstək verəcək.



Milli Məclisin deputatı Qənirə Paşayeva görmə imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasına, gələcək uğurlarına töhfə vermək, yaradıcı potensiallarını dəstəkləmək və cəmiyyətə təqdim etmək məqsədi daşıyan layihələrin əhəmiyyətini qeyd edib.

“And” tamaşası iştirakçılar tərəfindən maraqla qarşılanıb. Quruluşçu rejissoru Nihad Qulamzadə, musiqi tərtibatçısı Nicat Qulam, səhnə və geyim tərtibatçısı Viktoriya Lerman olan “And” tamaşasında iştirak edən 14 aktyordan 9 nəfəri əlilliyi olan şəxslərdir. Tamaşada “Xəsis” əsərinə tamamilə yeni rakursdan baxılır. “Xəsis” komediyasındakı baş qəhrəman - Qarpaqonun ikrah hissi yaradan şəxsi keyfiyyətləri və xəsisliyi deyil, daha çox insanların bir-biri ilə olan münasibətlərində bir çox hallarda öz mənfəətini, şəxsi ambisiyalarını üstün tutması halları ön plana çəkilir və tənqid olunur. Modern əsaslarla quruluşu verilən, bir saat davam edən “And” dramatik komediya əvvəldən axıra qədər tamaşaçını intizarda saxlayır, onu düşünməyə vadar edir.















Azvision.az

Teqlər: Leyla-Əliyeva   Tamaşa   Premyera