Xalq artisti Çimnaz Babayeva vəfat edib

 Xalq artisti Çimnaz Babayeva vəfat edib
  23 Dekabr 2019    Oxunub:4702
Xalq artisti, bənzərsiz balet ustası, Dövlət mükafatı laureatı Çimnaz Babayeva dekabrın 23-də ömrünün 74-cü ilində vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Çimnaz Babayeva 1946-cı il dekabrın 23-də Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirən gənc balet artisti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasına qəbul edilib və Azərbaycanın balet ustalarından birinə çevrilib.

Görkəmli sənətçi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində bir çox milli və klassik balet tamaşalarında unudulmaz xoreoqrafik obrazlar yaradıb. O, öz həyat yoldaşı, Xalq artisti Vladimir Pletnyov ilə birgə A. Məlikovun "Məhəbbət əfsanəsi" baletində Şirin, Q.Qarayevin "Yeddi gözəl"də Aişə, "İldırımlı yollarla"da Sari, Ə.Bədəlbəylinin "Qız qalası"da Gülyanaq, F.Əmirovun "Nəsimi haqqında dastan"da Nəsiminin sevgilisi, L.Minkusun "Don Kixot"da Kitri, D.Şostakoviçin "Xanım və xuliqan"da xanım və başqa tamaşalarda Azərbaycan klassik xoreoqrafiya sənətini şərəfli bir pilləyə ucaldıb.

Ustad sənətkar həm də pedaqoji fəaliyyətlə məşğul olub. O, 1977-ci ildən 2000-ci ilədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşqçi baletmeysteri vəzifəsində fəaliyyət göstərib. Teatrda gənc balet artistlərinin yetişdirilməsində onun zəhməti əvəzsizdir.

Klassik rəqslərin böyük bilicisi olan Çimnaz Babayeva öz quruluşlarında da klassik xoreoqrafiya və Azərbaycan milli rəqs sənətinin sintezinə nail olub, baletlərə yüksək professionallıqla quruluş verib. O, teatrın balet truppası ilə birgə Rusiya, Ukrayna, Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyədə uğurla çıxış edib.

Milli baletin görkəmli nümayəndəsi olan Çimnaz Babayeva qırx illik fəaliyyəti dövründə bir çox fəxri adlara və yüksək hökumət mükafatlarına layiq görülüb. O, 1970-ci ildə Əməkdar artist, 1974-cü ildə Fikrət Əmirovun “Nəsimi haqqında dastan” baletinin səhnələşdirilməsinə görə Azərbaycanın Dövlət mükafatı laureatı, 1978-ci ildə Xalq artisti kimi yüksək fəxri adlara layiq görülüb. 2002-ci ildən o, Prezident təqaüdçüsü idi.

Azvision.az


Teqlər: Xalqartisti  





Xəbər lenti