Ermənistan futbolu Melikbekyana tapşırıldı

Ermənistan futbolu Melikbekyana tapşırıldı
  23 Dekabr 2019    Oxunub:2654
Ermənistan Futbol Federasiyasının vitse-prezidenti Armen Melikbekyan qurumun yeni rəhbəri seçilib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, səsvermə zamanı Melikbekyan 13, onun rəqibi Tovmas Qriqoryan isə 7 səs toplayıb, daha 3 bülleten etibarsız sayılıb.

Federasiya prezidenti postu uğrunda iki nəfər – federasiyanın baş katib və vitse-prezidenti, keçmiş idman şərhçisi Armen Melikbekyan və Lori klubunun təsisçisi, federasiyanın İcraiyyə Komitəsinin üzvü Tovmas Qriqoryan mübarizə aparıb.

Qriqoryan federasiyanın iclasında çıxış edən zaman onun mikrofonları bilərəkdən söndürülüb. O, nəticələr açıqlandıqdan sonra nümayişkaranə şəkildə zalı tərk edib.

Xatırladaq ki, daha əvvəl bu vəzifəni eyni vaxtda Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olan Artur Vanetsyan tutub. Bu ilin sentyabrında o, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilib, iki ay sonra, noyabr ayında, Avro-2020-nin seçmə matçında Ermənistan yığmasının İtaliyada rüsvayçı məğlubiyyətindən sonra federasiya rəhbəri vəzifəsindən də istefa verib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti