MSK sədri gürcü və ukraynalı həmkarı ilə görüşüb

MSK sədri gürcü və ukraynalı həmkarı ilə görüşüb
  22 Dekabr 2019    Oxunub:2749
Azərbaycan Respublikasında bələdiyyə seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 22-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, gürcüstanlı həmkarı Tamar Jvaniyanı və rəhbərlik etdiyi nümayəndə heyətini salamlayan MSK sədri Məzahir Pənahov əlaqələri genişlənməkdə olan iki ölkənin ali seçki qurumları arasındakı sıx əməkdaşlıqdan məmnunluğunu bildirib. Sədr eyni zamanda vurğulayıb ki, qurumlararası münasibətlər və qarşılıqlı təcrübə mübadiləsi seçki praktikasının və seçki sisteminin inkişafında mühüm rol oynayır.

Seçkilərin müşahidəsi üçün dəvətə və MSK-dakı səmimi qəbula görə təşəkkürünü bildirən Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri T.Jvaniya ölkəmizdə və Mərkəzi Seçki Komissiyasında olmaqdan şad olduğunu bildirib. Bələdiyyə seçkilərinə hazırlıqlardan danışan MSK sədri M.Pənahov bildirib ki, dekabrın 22-də Azərbaycan seçicilərinin azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb.

Görüşdə qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.



Bundan başqa, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ölkəmizdə bələdiyyə seçkilərinin müşahidəsində iştirak edəcək Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Oleq Didenko ilə görüşüb.

MSK sədri Məzahir Pənahov qonaqları salamlayaraq bələdiyyə seçkiləri ərəfəsindəki görüşdən məmnunluğunu bildirib və hər iki ölkənin ali seçki qurumları arasındakı əlaqələrdən söhbət açıb. Komissiya sədri rəhbərlik etdiyi qurumun çoxsaylı müxtəlif ölkələrin ali seçki qurumları ilə əlaqələrinə önəm verdiyini vurğulayıb.

Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Oleq Didenko da öz növbəsində həm dəvət, həm də səmimi qəbula görə təşəkkürünü ifadə edib və bildirib ki, Ukrayna Mərkəzi Seçki Komissiyası yeni tərkibdə ilk səfərini məhz Azərbaycana edib. Sonra O.Didenko bələdiyyə seçkilərinə son hazırlıq işlərinin gedişi ilə maraqlanıb. Həmkarının suallarını cavablandıran sədr M.Pənahov ölkə vətəndaşlarının aktiv və passiv seçki hüquqlarının yüksək səviyyədə təmin olunması üçün atılan addımlar barədə ətraflı məlumat verib. Görüşdə, həmçinin ali seçki qurumları arasında əməkdaşlığın daha da dərinləşdirilməsi və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: MSK  





Xəbər lenti