Ali Məhkəmənin sədri vətəndaşları qəbul edib

Ali Məhkəmənin sədri vətəndaşları qəbul edib
  20 Dekabr 2019    Oxunub:3072
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tövsiyələri Ali Məhkəmə tərəfindən daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Ali Məhkəmənin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, dekabrın 20-də Ali Məhkəmənin sədri Ramiz Rzayev Göyçay Rayon Məhkəməsinin inzibati binasında vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Göyçay şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə müsbət həllini tapıb. Araşdırılması tələb edilən müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə əlaqədar Ali Məhkəmə Aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər çərçivəsində Ali Məhkəmənin sədri Göyçay Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olub.

Daha sonra Şəki Apellyasiya Məhkəməsinin sədri və Göyçay Rayon Məhkəməsi hakimlərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə Ali Məhkəmənin sədri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilmiş “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanla məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlandığını və bu sahədə islahatların dərinləşdirilməsinin təməlinin qoyulduğunu, bu sənədin yeni yol xəritəsi olduğunu vurğulayıb.

Bildirilib ki, yeni mərhələnin hədəfləri müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın və məhkəmə icraatının effektivliyinin yüksəldilməsidir.

Ötən dövrdə bu məqsədlə artıq bir sıra əhəmiyyətli işlər görülüb, hazırlanmış birinci paket dəyişiklik və əlavələrə əsasən məhkəmə icraatının həyata keçirilməsi qaydaları daha da təkmilləşdirilib, sahibkarların hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsi üçün yeni kommersiya məhkəmələri yaradılıb, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə operativ baxılmasının qaydaları müəyyənləşdirilib. Artıq 2020-ci il yanvarın 1-dən etibarən həmin normaların ölkəmizdə tətbiq edilməyə başlanılacağı bildirilib. Eyni zamanda islahatların növbəti mərhələsi kimi Milli Məclis tərəfindən qəbul edilmiş qanunları Azərbaycan Prezidenti dekabrın 18-də imzalayıb, eləcə də bununla bağlı bir sıra sərəncamlar verib. Həmin qanunlar paketinin yenə də Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında qəbul edildiyi qeyd olunub.

Müşavirənin sonunda qarşıda duran vəzifələr müzakirə edilərək məhkəmə qərarlarının ədalətliliyinin və qanuniliyinin təmin edilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, qeyri-prosessual münasibətlərin yolverilməzliyi ilə bağlı Ali Məhkəmənin sədri tərəfindən tövsiyə və tapşırıqlar verilib.

Azvision.az



Teqlər: AliMəhkəmə  





Xəbər lenti