Azərbaycan-Ukrayna əlaqələrində yeni perspektivlər açılır – TƏHLİL

   Azərbaycan-Ukrayna əlaqələrində yeni perspektivlər açılır –    TƏHLİL
  20 Dekabr 2019    Oxunub:6620
Ukrayna ilə Azərbaycanın münasibətləri vaxtilə Heydər Əliyev və Leonid Kuçma tərəfindən sağlam təməllər üzərində qurulmuşdu və həmin dövrdən etibarən hakimiyyətlərin dəyişməsinə baxmayaraq, yüksək səviyyədə qalıb. Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri ölkələrimiz arasında çoxdan formalaşmış qarşılıqlı faydalı əlaqələrin davam etməsi və daha da dərinləşməsi istiqamətində illərdir aparılan siyasətin davamıdır.
Zelenskinin “Bizim münasibətlərimiz zamanın sınağından keçib. Biz çətin vaxtlarda hər zaman bir-birimizə dayaq olmuşuq. Azərbaycan Ukrayna üçün həmişə etibarlı dost və mühüm strateji tərəfdaş olub və bu gün də belədir”,- deməsi əslində bu fikri bir daha təsdiq edir.

Bununla belə, geosiyasi reallıqların dəyişməsi ölkələrin xarici siyasətə yanaşmada müəyyən korreksiyalara getmələrini ehtiva edir ki, Zelenskinin prezident postuna yiyələnməsindən sonra Kiyevin xarici siyasətində belə hallar sezmək mümkündür.

Əvvəlki prezident Poroşenkodan fərqli olaraq, Zelenski Rusiya ilə konfrantasiyaya getmədi, bunun əvəzində atəşkəsi təmin etməklə, sülh danışıqlarına başladı. Zelenski bu yolla vaxt udmağa və müharibə səbəbiylə zəifləmiş ölkəsinin iqtisadiyyatını bərpa etməyə çalışır. Azərbaycan və Ukrayna prezidentlərinin görüşlərindən sonra verdikləri bəyatlardan da belə qənaətə gəlmək olar ki, Kiyev Donbas probleminin həllini müxtəlif beynəlxalq müstəvilərdə danışıqların aparılmasında görür və rəsmi Bakıdan da öz mövqeyinin dəstəklənməsini istəyir. Bunun müqabilində təbii ki, Ermənistan tərəfindən ərazi işğalı ilə üzləşmiş Azərbaycana da eyni dəstəyi göstərəcəyini vəd edir.

Moskva ilə münasibətlərin pisləşməsi və iki ölkə arasında sərhədlərin faktiki bağlı olması Rusiya sərmayəsinin Ukraynadan çıxması ilə nəticələndi ki, Zelenski bu itkini Azərbaycan da daxil olmaqla, digər tərəfdaş ölkələrdən sərmayə cəlb etməklə, kompensasiya etməyə çalışır. Hətta güman etmək olar ki, yaxın illərdə Rusiyaya bağlı biznes layihələri tədricən Ukraynadan çıxarılacaq və bu vəziyyət Azərbaycan üçün uğurlu investisiya imkanları vəd edir.



Turizm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi də qarşılıqlı fayda götürülməsinə hesablanıb. Azərbaycan üçün ukraynalı turistlərin cəlb edilməsi bu sahənin inkişafına xüsusi töhfə verə bilər. Təsadüfi deyil ki, prezident İlham Əliyev öz çıxışında turizm sahəsinin xüsusilə əhəmiyyətli olmasını vurğulayıb. 2018-ci ilin statistikasına əsasən ilin birinci yarısında Ukraynadan səyahətə gedənlərin ümumi sayı 12.9 milyon nəfər təşkil edib. Ukraynalı turistlərin ən çox səfər etdikləri ölkələr isə Misir, Türkiyə və Gürcüstandır. Rusiyaya yollanan ukraynalıları sayı isə ilbəil azalmaqdadır. Odur ki, Azərbaycan turizmin inkişafı üçün Ukraynanın potensialından faydalana bilər. Ukraynaya səfər edənlərin sayında da 3 faiz azalma olduğuna görə, Kiyev azərbaycanlı turistlərin cəlb edilməsinə çalışır.

Son illərdə Ukraynanın GUAM təşkilatının güclənməsi və nüfuzunun artırılması istiqamətində fəaliyyəti diqqəti cəlb etməyə bilməz. Ukraynanın GUAM-ı gücləndirməkdə maraqlı olması başadüşüləndir: Kiyev MDB məkanında Moskvaya alternativ olan siyasi-iqtisadi mərkəzi yaratmağa çalışır. Zelenski anlayır ki, Moskvanın təzyiqlərindən yaxa qurtarmaq üçün ilk növbədə onun iqtisadi asılılığından çıxmaq lazımdır ki, GUAM təşkilatı çərçivəsində ölkələrarası əməkdaşlıq üzv dövlətlərə iqtisadi suverenliklərini bərpa etmək şansı tanımaqla yanaşı, gələcəkdə vahid siyasi blokda çıxış etmələrinə şərait yaradır. GUAM-a üzv olan Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən əsas cəhət isə üzv dövlətlərin hər birinin ərazi işğalına məruz qalmalarıdır. Yarandığı ilk illərdə MDB-yə alternativ birlik kimi qiymətləndirilən təşkilatın sonrakı illərdə müxtəlif səbəblərdən nüfuzu düşdü.

Yeni icra olunacaq Vikinq, Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat layihələri əslində GUAM ölkələri arasında real iqtisadi tərəfdaşlığı təmin edəcək nəqliyyat layihələridir. Ələt limanının istifadəyə verilməsi Çin mallarının Xəzər dənizi vasitəsiylə Qara dənizə, oradan isə Avropa ölkələrinə daşınması üçün Azərbaycan ərazisindən keçən marşrutu ən əlverişli varianta çevirir. Vikinq layihəsi isə Pribaltika ölkələrini Belarus, Moldova və Ukraynaya dəmir yolu vasitəsilə bağlayır və Azərbaycan üzərindən İran və Çin istiqamətində mal mübadiləsinə imkan yaradır.

Vikinq layihəsinin işə düşməsi Ukraynanın Qara dənizə çıxan ticari limanlarının əhəmiyyətini artırır. Çünki bir-birilə dəmir yolu vasitəsilə bağlanmış digər ölkələr məhz bu limanlar vasitəsilə öz yüklərinin daşınmasını təmin edəcəklər. Təbii ki, bu tip qlobal layihələr həmin ölkələrin Rusiyanın iqtisadi asılılığından çıxmasına töhfə verəcək. Bütün bu layihələrdə açar ölkə Azərbaycan olduğu üçün, dövlətimizin mövqeyi Ukrayna üçün xüsusi əhəmiyyət daşıyır. Üstəgəl, gələn ildən Bakının GUAM-da sədrlik edəcəyini nəzərə alsaq, Azərbaycanın Ukrayna üçün nə dərəcədə əhəmiyyət daşıdığını anlamaq olar.

Tofiq Vahid
Azvision.az



Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti