Nazir xaricdə yaşayan gənc liderlərlə görüşüb

Nazir xaricdə yaşayan gənc liderlərlə görüşüb
  20 Dekabr 2019    Oxunub:2185
Dekabrın 19-da Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Liderliyin inkişafı proqramı” layihəsinin Gürcüstan, Türkiyə, Ukrayna, Fransa və Almaniyadan olan iştirakçıları ilə görüşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, layihənin məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan, çalışdıqları sahələrdə uğur qazanan və liderlik qabiliyyəti olan 30-40 yaşlı azərbaycanlıların bir araya gətirilmələri, ölkəmizlə bağlı həqiqətlərin onların vasitəsilə dünyaya çatdırılması və şəbəkənin daha da genişləndirilməsidir.

A.Rəhimov layihənin önəmindən, dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin təbliği ilə bağlı ata biləcəyi mühüm addımlardan, Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılmasının əhəmiyyətindən danışıb. Azad Rəhimov Gənclər və İdman Nazirliyinin istər azərbaycanlı gənclərin müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə iştirakının, istərsə də əcnəbi gənclərin Azərbaycana səfərlərinin təşkilinə, xaricdə yaşayan azərbaycanlı gənclərin ölkəmizdə keçirilən düşərgələrinə dəstək olduğunu, bununla yanaşı, bu istiqamətdə bir çox işlərin görüldüyünü diqqətə çatdırıb.

“Nazirliyimizin uzun illərdir ki, böyük uğurla həyata keçirdiyi layihələrdən biri müxtəlif ölkələrdəki səfirliklərlə birgə gerçəkləşən “Mən Azərbaycan haqqında nə bilirəm?” layihəsidir. Ötən illər ərzində 50-dən çox ölkədə baş tutan bu layihə sayəsində minlərlə əcnəbi gənc Azərbaycana səfər edib. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər də bizim daim sıx ünsiyyətdə olduğumuz qrupdur. Bizim üçün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, gənclərin böyük bir şəbəkə halında fəaliyyət göstərməsinə dəstək prioritet istiqamətlərdəndir”, - deyə nazir qeyd edib.

A.Rəhimov müxtəlif ölkələrin məktəblərində Azərbaycan siniflərinin yaradılmasının, sosial mediadan daha çox istifadə edərək ölkə həqiqətlərinin dünya ictimaiyyətinə geniş ötürülməsinin, gənclərin ümumi ideya ətrafında birləşmələrinin və digər mühüm məsələlərin önəmindən danışıb və nazirliyin qarşılıqlı əməkdaşlığa daim hazır olduğunu bildirib.

Sonra layihə iştirakçıları görüləcək işlərdən və planlarından danışıb, əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıblar.

Azvision.az


Teqlər: Nazir   Azad-Rəhimov  





Xəbər lenti