“Bu il pambıqçılıqda rekord göstərici əldə olunub”

 “Bu il pambıqçılıqda rekord göstərici əldə olunub”
  20 Dekabr 2019    Oxunub:3526
Pambıq yığımı demək olar ki, başa çatıbdır. Bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Bu, doğrudan da çox böyük göstəricidir və onu göstərir ki, son illər ərzində pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, dövlət dəstəyi olmadan pambıqçılıq inkişaf edə bilməz: “Biz demək olar ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik. Beləliklə, biz qarşımızda duran bütün vəzifələrə nail olmuşuq, bu vəzifələri icra etmişik”.

Pambıq tədarükü üçün ən müasir texnikaların, o cümlədən Amerika istehsalı olan “John Deere” kombaynlarının alındığını vurğulayan Prezident İlham Əliyev deyib: “400-dən çox kombayn almışıq. Texnikanın alınmasına bütövlükdə 500 milyon manatdan çox vəsait xərcləmişik. Hansı özəl şirkət bunu öz üzərinə götürə bilər? Ona görə görəndə ki, biz pambıqçılıq sahəsini də itiririk və bu, böyük problemlərə gətirib çıxarar, mən dərhal göstəriş verdim, bu məsələ ilə özüm məşğul olmağa başladım. Gördüm ki, bu sahədə bazar iqtisadiyyatı prinsipləri işləmir, çox ciddi tədbirlər planı tutuldu və 2017-2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olundu. Biz Dövlət Proqramı əsasında pambıqçılığı dörd il ərzində demək olar ki, dirçəltdik və ən yüksək nəticələrə çatdıq.

Beləliklə, dövlət dəstəyi nəticəsində son üç il ərzində 15 min 700 texnika alınmışdır. Qeyd etdiyim kimi, 400-dən çox pambıqyığan kombayn almışıq, onların da böyük əksəriyyəti Amerikanın ən qabaqcıl şirkəti olan “John Deere”in daha məhsuldardır və keyfiyyətə görə ən yüksək standartlara cavab verən kombaynlarıdır. Bu, bizə imkan verdi ki, pambığın 87 faizini texnika ilə yığa bilək və əl əməyi aşağı düşdü. Ancaq bununla paralel olaraq, biz, əlbəttə ki, pambıqçılığı əməktutumlu sahə kimi inkişaf etdirərkən, ilk növbədə, məşğulluqla bağlı olan problemləri diqqət mərkəzində saxlamışıq və buna nail olmuşuq”.

Pambıqla məşğul olan fermerlərə güzəştli kreditlər verildiyini vurğulayan dövlətimizin başçısı qeyd edib ki, pambıqtəmizləmə zavodlarında da təmir-bərpa, sazlama işləri aparıldı. Eyni zamanda, Ucar rayonunda müasir texnologiya əsasında yeni pambıqtəmizləmə zavodu inşa edilmişdir. “2016-cı ildən pambığın hər kiloqramına görə istehsalçılara dövlət tərəfindən 10 qəpik subsidiya verilməyə başlanmışdır. 2015-ci ildə pambığın satınalma qiyməti 41 qəpik, 2016-2017-ci illərdə 50 qəpik idisə, 2018-ci ildən bu rəqəm 65 qəpiyə qaldırıldı və bu da çox həvəsləndirici amildir. Pestisidlər güzəştlə verilməyə başlanmışdır. Hər hektara güzəştlər 10 manatdan 50 manata qaldırıldı. Gübrələr üçün güzəştlər isə 100 manatdan 150 manata qaldırıldı. Bütün bu addımlar dövlətin bu sahəyə göstərdiyi diqqətin və önəmin təzahürüdür. Təsadüfi deyil ki, nəticə də özünü qısa müddət ərzində büruzə verdi”, - deyə dövlətimizin başçısı bildirib.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti