Məhkəmə-hüquq islahatları çərçivəsində yeni institut yaradılır: Özəl məhkəmə ekspertləri

  20 Dekabr 2019    Oxunub : 2727
 Məhkəmə-hüquq islahatları çərçivəsində yeni institut yaradılır: Özəl məhkəmə ekspertləri
Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə başlanmış islahatlar çərçivəsində hazırlanmış ikinci qanunvericilik aktları paketi dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanıb.
Sənədlər toplusunda nəzərdə tutulan yeniliklərin bir istiqaməti məhkəmə ekspertizasının keçirilməsi ilə bağlıdır. Belə ki, dəyişikliklərə əsasən:

- Özəl məhkəmə ekspertləri institutu yaradılır. Hazırda fəaliyyət göstərən dövlət məhkəmə ekspertizası idarələrinin ekspertləri ilə yanaşı özəl məhkəmə ekspertlərinə də ekspert rəylərini təqdim etmək hüququ verilir;
- Mülki işlər, habelə inzibati xətalara, kommersiya və ya inzibati mübahisələrə dair işlər üzrə fiziki və ya hüquqi şəxslərə, həmin şəxslərin vəkilləri və nümayəndələrinə məhkəmə ekspertizasını sifariş vermək hüququ verilib;
- Məhkəmə ekspertizasının keçirilməsi müddətləri məhdudlaşdırılır. İnzibati xətalara dair işlər üzrə bu müddət 10 günədək, mülki işlər, kommersiya və inzibati mübahisələrə dair işlər üzrə isə bu müddət xüsusi hallar istisna olmaqla 1 ayadək müəyyən edilib.

Qanuna edilən dəyişikliklərə əsasən, özəl məhkəmə eksperti şəhadətnaməsini almaq üçün aşağıdakı tələblərdən birinə cavab vermək kifayətdir:

• Ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il iş stajı;
• Ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi;
• Xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin (diplom, sertifikat və sair) mövcudluğu.

Bu dəyişikliklər 2020-ci ilin martın 1-dən qüvvəyə minəcəklər.

Teqlər: İslahat   Məhkəmə-hüquq-islahatları