Miqrasiya Xidmətinin rəisi İlk Qlobal Qaçqın Forumunda iştirak edib - FOTOLAR

  Miqrasiya Xidmətinin rəisi İlk Qlobal Qaçqın Forumunda iştirak edib -    FOTOLAR
  19 Dekabr 2019    Oxunub:4000
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti 17-18 dekabr 2019-cu il tarixlərdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və İsveçrə Hökumətinin birgə təşkilatçılığı ilə Cenevrə şəhərində keçirilən İlk Qlobal Qaçqın Forumunda (QQF) iştirak etmək məqsədilə İsveçrə Konfederasiyasında səfərdə olub.
Azvision.az xəbər verir ki, forumun həmtəşkilatçıları qismində iştirak edən Türkiyə və Kosta-Rika Respublikaları prezident, Pakistan İslam Respublikası, Efiopiya Federal Demokratik Respublikası, Almaniya Federativ Respublikası isə müvafiq olaraq baş nazir, baş nazirin müavini və Xarici işlər naziri səviyyəsində təmsil olunublar.

Forumun keçirilməsində məqsəd dünyada artan qaçqın probleminə ən yüksək səviyyədə diqqəti yönəltmək, eləcə də bu problemin həllində dövlətlərin fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Bu fəaliyyətlərə qaçqınlara davamlı dəstəyin göstərilməsi, onların cəmiyyətə inteqrasiyası üçün qanunvericilikdə və siyasətdə dəyişikliklərin edilməsi və s. kimi əhəmiyyətli addımlar daxildir.



Forum çərçivəsində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov plenar sessiyada çıxış edərək qaçqınların sayının, eləcə də ehtiyaclarının artdığını, lakin görülən tədbirlərin mövcud vəziyyət ilə ayaqlaşa bilmədiyini nəzərə çatdırıb. Azərbaycan Hökumətinin Qaçqınlar üzrə Qlobal Paktı dəstəklədiyini bildirən Xidmət rəisi ölkəmizin də qaçqın axınları ilə bağlı acı təcrübəyə sahib olduğunu, Dağlıq Qarabağ regionu və ətraf ərazilərin Ermənistan tərəfindən işğalı nəticəsində Hökumətin 1 milyondan çox qaçqın və məcburi köçkünü qəbul etdiyini vurğulayıb. Xidmət rəisi Ermənistanın davam edən işğalçılıq və aqressiya siyasəti nəticəsində yüz minlərlə insanın öz yurd-yuvalarına qayıda bilmədiyinə diqqət çəkib. Qaçqın probleminin həllində onun kökündə duran səbəblərin aradan qaldırılmasının, bu istiqamətdə həmrəyliyin və birgə təşəbbüslərin gücləndirilməsinin önəmi qeyd olunub. Vüsal Hüseynov çıxışının sonunda üçüncü ölkələrdən olan qaçqınların hüquqlarının müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində ölkəmizdə həyata keçiriləcək tədbirlər barədə məlumat verib.



Bundan əlavə, Azərbaycanın hazırda Qoşulmama Hərəkatına sədrlik etdiyi vurğulanıb və bununla əlaqədar təşkilatın Forumla bağlı bəyanatı səsləndirilib. Bəyanatda cari ilin oktyabr ayında Bakıda keçirilmiş 18-ci Zirvə görüşünə istinad edilərək, Qoşulmama Hərəkatının üzvü olan dövlətlərin də Qaçqınlar üzrə Qlobal Pakta mühüm əhəmiyyət verdikləri bildirilib. Qaçqınların hüquqlarının müdafiəsi və təşviqinin Hərəkata üzv dövlətlər üçün vacibliyi qeyd edilib. Forumun BMT-yə üzv dövlətlər və digər iştirakçılar arasında uğurlu təcrübələrin mübadiləsi üçün önəmli platforma olduğu diqqətə çatdırılıb.

Səfər çərçivəsində Xidmət rəisinin Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru cənab Antonio Vitorino ilə görüşü də keçirilib. Görüş zamanı tərəflər arasında hazırda icrası davam etdirilən layihələr, yeni layihə təklifləri və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.



Forumda, həmçinin keçirilən görüşdə Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqovun rəhbərliyi ilə Nümayəndələyimizin əməkdaşları, eləcə də Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər idarəsinin rəisi Əlimirzamin Əskərov iştirak ediblər.

Azvision.az


Teqlər: Miqrasiya-Xidməti   Vüsal-Hüseynov  





Xəbər lenti