Azərbaycan-Qırğızıstan əlaqələri daha da möhkəmlənir

Azərbaycan-Qırğızıstan əlaqələri daha da möhkəmlənir
  17 Dekabr 2019    Oxunub:1814
Dekabrın 17-də Milli Məclisin Sədri Oqtay Əsədov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA-nın) 9-cu plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qırğız Respublikası parlamentinin - Joqorku Keneşin sədri Dastanbek Cumabekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azvision.az xəbər verir ki, Milli Məclisin Sədri ümidvar olduğunu bildirib ki, Qırğızıstan nümayəndə heyətinin ölkəmizə səfəri parlamentlərarası dialoqun daha da genişlənməsinə öz töhfəsini verəcək. Sədr TÜRKPA-nın tədbirləri çərçivəsində qonaqla görüşünü xatırlayaraq, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Bildirilib ki, hər iki ölkə başçılarının görüşləri zamanı aparılan danışıqlar və imzalanmış sənədlər əməkdaşlığımızın gələcək inkişafı üçün yaxşı zəmin yaradıb. Biz iqtisadi, həmçinin həyatın digər sahələrində də əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik.

Sədr Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakıda keçiriləcək növbəti plenar iclası barədə öz fikirlərini açıqlayaraq ötən illər ərzində bu qurumun mötəbər beynəlxalq təşkilata çevrilməsi istiqamətində görülən işləri yüksək dəyərləndirib. Bildirilib ki, TÜRKPA təkcə ona üzv ölkələr üçün deyil, həm də bütün türk dünyası üçün böyük əhəmiyyət daşıyır. Təşkilat türk xalqlarını maraqlandıran məsələlərin müzakirəsi və qarşıya qoyulan məqsədlərə çatmaq üçün gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından çox önəmlidir. Biz qurumun sıralarına yeni üzv ölkələrin qəbul olunacağına inanırıq.

Sədr Oqtay Əsədov Qırğızıstan nümayəndə heyətinə təşkilatın Bakıda keçiriləcək sessiyasının işində uğurlar arzulayıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Qırğız Respublikası parlamentinin - Joqorku Keneşin sədri Dastanbek Cumabekov ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi barədə aparılan müzakirəni yüksək dəyərləndirib. Qonaq deyib ki, müstəqil Azərbaycanın Milli Məclisində keçirilən bu görüş parlamentlər səviyyəsində münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir.

Dastanbek Cumabekov TÜRKPA çərçivəsində görülən işləri yüksək qiymətləndirərək qurumun növbəti sessiyasının türk birliyi üçün uğurlu olacağına inamını ifadə edib. Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputat Ağalar Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti