Zelenskinin Bakıya səfərinin nəticələri və İrəvana mesaj - ŞƏRH

Zelenskinin Bakıya səfərinin nəticələri və İrəvana mesaj -  ŞƏRH
  17 Dekabr 2019    Oxunub:4300
"Ukrayna Prezidenti Vladimir Zelenski Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə əməkdaşlığın inkişafını sürətləndirəcək məsələlərə xüsusi əhəmiyyət verdi".
Bunu Azvision.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana rəsmi səfərinin nəticələrini şərh edərkən deyib.

Politoloq bildirib ki, görüşlərdə hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyi, separatizmi pislədiyi vurğulanıb:

"Birincisi, Ukrayna Prezidentinin Bakıda dediyi “söhbət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün bərpasından gedir” cümləsi çox nəsnədən xəbər verir. Bu cümlə Dağlıq Qarabağ münaqişəsində Ukraynanın birmənalı olaraq Azərbaycanın yanında yer aldığını bir daha təsdiq edir. İkincisi, Vladimir Zelenski Azərbaycanın Ukraynaya investisiyalarını artırmasını istəyir. Kiyev Azərbaycan şirkətlərini Ukraynaya dəvət edir. Zelenski ayrıca təklif etdi ki, Bakıdan bir heyət Kiyevə gedərək investisiya imkanlarını və şərtlərini öyrənsin. Ukrayna investisiyaya ac ölkədir və dost Azərbaycana qapılarını açmağa hazırdır. Üçüncüsü, Kiyev “Cənub Qaz Dəhlizi” layihəsinə maraq göstərir. Vladimir Zelenskinin sözlərindən aydın oldu ki, Ukrayna bu layihədə kiçik də olsa rol almaq istəyir. Bu rolun nədən ibarət olacağını iki ölkənin mütəxəssisləri müəyyənləşdirməlidirlər".



E.Şahinoğlu əlavə edib ki, Kiyev Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı fəaliyyətini genişləndirməsində maraqlıdır: "Dövlət Neft Şirkətinin Ukraynada 60 yanacaqdoldurma məntəqəsi, 4 neft bazası fəaliyyət göstərir. Azərbaycan Dövlət Neft Şirkəti buna qədər də Ukraynada lider mövqelərdədir. Zelenski isə Dövlət Neft Şirkətinin Ukraynada fəaliyyətini genişləndirmək üçün nə lazımdırsa edəcəklərini vəd edir.

Bunlardan başqa, son illər Ukrayna ilə Azərbaycan arasında yük daşımaları artır. Dəmir yolu ilə Mərkəzi Asiyanın, İranın və Çinin yükləri Azərbaycan üzərindən Ukraynaya daşınır və əksinə Ukrayna öz mallarını Azərbaycan üzərindən adı çəkilən ölkələrə daşıyır. Bu həcmi artırmaq mümkündür. Bütün bu məsələləri müzakirə etmək məqsədilə ikitərəfli Hökumətlərarası Komissiyanın iclası gələn ilin yanvar ayında Kiyevdə keçiriləcək. Təsadüfi deyil ki, Ukrayna Prezidenti Baş Nazir Əli Əsədovla da geniş müzakirəyə ehtiyac duydu".

Politoloq vurğulayıb ki, Vladimir Zelenskinin Azərbaycana səfərini uğurlu adlandırmaq olar: "Ən önəmlisi odur ki, Vladimir Zelenski keçmiş SSRİ respublikalarından, o cümlədən Gürcüstan və Ermənistandan əvvəl Azərbaycana səfər etdi. Bu, o deməkdir ki, Ukrayna Prezideti keçmiş SSRİ respublikaları ilə əməkdaşlıqda Azərbaycana üstünlük verdi. Bu üstünlük iki ölkə arasındakı əməkdaşlığı daha üst səviyyəyə qaldırmağa imkan verir".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Ukrayna   Zelenski   Şərh  





Xəbər lenti