Cenevrədə Qaçqınlar üzrə ilk Qlobal Forum başlayır

  16 Dekabr 2019    Oxunub : 1358
Cenevrədə Qaçqınlar üzrə ilk Qlobal Forum başlayır
Bu gün İsveçrənin Cenevrə şəhərində qaçqınlarla bağlı üç günlük Qlobal Forum öz işinə başlayır.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakı ofisindən Azvision.az -a verilən məlumata görə, Kosta-Rika, Efiopiya, Almaniya, Pakistan və Türkiyənin birgə təşəbbüsü ilə çağırılmış forumun məqsədi qaçqınlara və onların yaşadığı icmalara yardım üçün müxtəlif subyektlər tərəfindən yeni yanaşmaların və uzunmüddətli öhdəliklərin formalaşdırılmasından ibarətdir.

Bütün dünyada 70 milyondan artıq insan müharibə, münaqişə və təqib səbəbindən didərgin düşüb. Onların 25 milyonundan çoxu beynəlxalq sərhədləri keçən və evlərinə qayıtmaq imkanına malik olmayan qaçqınlardır.

"Biz qaçqınların sayının xeyli artdığı on illik didərginlik dövrünün şahidiyik", – deyə BMT-nin Qaçqınlar üzrə Ali komissarı Filippo Qrandi bildirib.

Qandi əlavə edib: "Bu həftə Qaçqınlar üzrə ilk Qlobal Forumda biz diqqətimizi ona yönəltməliyik ki, qarşıdakı onillikdə səylərimiz indiyədək öyrəndiyimiz təcrübələr üzərində qurulmalı və qaçqınlara, onları qəbul etmiş ölkələrə və icmalara dəstək göstərməyə yönələn fəaliyyətlərin həyata keçirilməsinə yönəlməlidir. Bu Forum Qaçqınlar üzrə Qlobal Saziş üzrə kollektiv öhdəliklərimizə sadiqliyimizi və Dayanıqlı İnkişaf Məqsədləri arasında yer alan "heç kəs diqqətdən kənarda qalmamalıdır" məqsədinə nail olmağa yönələn səyləri dəstəklədiyimizi təsdiq etmək üçün bir fürsətdir".

Qaçqınlar üzrə Qlobal Saziş hər kəsin, o cümlədən bütün səviyyələrdən olan hökumət strukturlarının, özəl sektorun, inkişaf qurumlarının və maliyyə institutlarının, vətəndaş cəmiyyətinin, dini qrupların və qaçqınların özlərinin məsuliyyəti üzərlərinə götürmələrinə və öz rollarını oynamalarına yol açır.

"Bizim bu kimi əlavə yardımlara ehtiyacımız vardır", – deyə Konqo Demokratik Respublikasından olan qaçqın və Forumun müştərək sponsorlarından biri Coel Hangi bildirib.

O deyib ki, artıq əməkdaşlığın çoxlu nümunələri vardır, amma qaçqınların sayı artdıqca daha çox insanın bizə dəstək verməsinə, daha çox hökumətlərin, şirkətlərin və icmaların qaçqınlara yardım məsuliyyətini bizimlə bölüşməsinə ehtiyac duyuruq: "Məhz bu yolla biz sərbəstliyimizi və müstəqilliyimizi yenidən əldə edəcək və bizə köməyə gələnlərə bunun əvəzini verəcəyik".

Üç günlük müzakirələr, xüsusi tədbirlər və yüksək səviyyəli rəsmilərin dialoqları altı əsas sahəni əhatə edəcək: vəzifə yükünün və məsuliyyətin bölüşdürülməsi mexanizmləri; təhsil; iş və maddi baxımdan təminat imkanları; enerji və infrastruktur; həll yolları; himayə potensialı.

Forumda o da nəzərdən keçiriləcəkdir ki, humanitar və inkişaf tədbirləri biri-birini necə tamamlaya bilər. Bundan əlavə, özəl sektorun artmaqda olan mühüm rolu nəzərə alınaraq, Forumda 100-dən çox şirkət və fond iştirak edəcək və iş yerləri, maliyyə və digər yardımlarla bağlı öhdəliklərini bəyan edəcəklər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Cenevrə   Forum   Qaçqın