Pulsuz hüquqi yardım məsələsinə aydınlıq gətirildi

 Pulsuz hüquqi yardım məsələsinə aydınlıq gətirildi
  13 Dekabr 2019    Oxunub:2792
"Məişət zorakılığı qurbanlarından nəinki fiziki zorakılığa məruz qalanlar, eyni zamanda mənəvi zorakılığa məruz qalan zərərçəkmiş şəxslərə də dövlət hesabına hüquqi yardım göstərilməsi mütləq qanunvericilikdə nəzərdə tutulmalıdır. Ümid edirəm ki, bununla bağlı birgə təkliflər hazırlanacaq və aidiyyatı qurumlara təqdim olunacaq".
Azvision.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət heyətinin sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, gələcəkdə qanunvericilikdə bununla bağlı dəyişiklik edilməlidir.

"Məişət zorakılığı qurbanlarına hüquqi yardım göstərilməsi üzrə əməkdaşlıq qanunvericiliyin prinsiplərindədir. Əminəm ki, ölkəmizdə tez- tez rast gəldiyimiz və bəzi hallarda bu cür şəxslərin yardımsız qalması aradan qaldırılacaq".

A.Bağırov qeyd edib ki, il ərzində bəzi dövlət və qeyri-dövlət qurumlarından, beynəlxalq təşkilatlardan Kollegiyaya müraciətlər daxil olur: "Bu gün qanunvericiliyə əsasən, Vəkillər Kollegiyası tam pro-bona (pulsuz) hüquqi yardım göstərən qurum deyil. Problem ondan ibarətdir ki, bəzi hallarda hesab edirlər ki, pulsuz hüquqi yardım dedikdə vəkil hüquqi yardımı pulsuz həyata keçirməlidir və bu, onun öhdəliyidir. Dövlət hesabına hüquqi yardım dedikdə beynəlxalq təcrübəyə və konstitusiyaya görə hüquqi yardımın vəkil tərəfindən göstərilməsi nəzərdə tutulur. Ödənişsiz hüquqi yardım vətəndaş üçün ödənişsizdir, vəkil üçün ödənişlidir. Bəzi hallarda bizim vəkillər pro-bona, yəni tamamilə pulsuz yardımı öz təşəbbüsləri və ya Vəkillər Kollegiyasının təşəbbüsü ilə göstərirlər. Biz bunu vətəndaşlıq və peşə borcumuz bilirik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Anar-Bağırov  





Xəbər lenti