“Aİ-ni tərk etsək də, Azərbaycanla münasibətimiz dəyişməyəcək” - Britaniya səfiri

“Aİ-ni tərk etsək də, Azərbaycanla münasibətimiz dəyişməyəcək” -    Britaniya səfiri
  13 Dekabr 2019    Oxunub:4584
İlkin nəticələrə əsasən, Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyası növbədənkənar parlament seçkilərində səs çoxluğu qazanacaq.
Azvision.az xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib. Diplomat bildirib ki, bu da onlar üçün böyük qələbə olacaq: "Çünki bundan əvvəlki tərkibdə onlarda üstünlük, səs çoxluğu yox idi. Bu da o deməkdir ki, mühafizəkarlar Avropa İttifaqından çıxmaqla bağlı sazişi asanlıqla parlamentdən keçirə bilərlər. Həmçinin, Britaniya gələn il 31 yanvara qədər Avropa İttifaqını tərk edə bilər".

Səfir qeyd edib ki, mühafizəkarlar Britaniyanın şimalında da liderlik edir: "Artıq parlamentdə çoxluq partiyası olduqdan sonra qanunverici orqan həmin partiyanın irəli sürdüyü Avropa İttifaqından çıxmaq sazişini dəstəkləməli olacaq".

Azərbaycanla münasibətlərin necə inkişaf edəcəyinə, hansısa dəyişikliklərin ola biləcəyinə gəlincə, səfir deyib ki, heç bir dəyişiklik gözlənilmir: "Bizim Azərbaycanla ikitərəfli münasibətlərimiz Avropa İttifaqı ilə münasibətlərdən asılı deyil və onun üzərində qurulmayıb. Ona görə də Avropa İttifaqını tərk etsək də, Azərbaycanla münasibətlərimiz eyni səviyyədə qalacaq".



Qeyd edək ki, Britaniya parlamentinə keçirilən seçkilərin nəticələri Krallığın Bakıdakı səfirliyinin təşkilatçılığı ilə canlı izlənilib. Mərasimdə xarici ölkələrin Azərbaycandakı səfirləri, jurnalistlər, ictimai sektorun nümayəndələri də iştirak ediblər.

İki saat davam edən tədbir zamanı seçkilərlə bağlı ilkin nəticələr, həmçinin exit-pollar, müxtəlif proqnozlar səsləndirilib.

Xatırladaq ki, dünən Britaniya parlamentinə növbədənkənar seçkilər keçirilib. İlkin nəticələr Mühafizəkarlar partiyasının öndə olduğunu göstərir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Britaniya   Səfirlik  





Xəbər lenti