Hər il 700 min insan bakteriyadan ölür

Hər il 700 min insan bakteriyadan ölür
  12 Dekabr 2019    Oxunub:2359
Antibiotikə qarşı davamlılığın güclənməsi qlobal sağlamlığın üzləşdiyi əsas təhlükələrdən biri hesab edilir. Dünyada təxminən hər il 700 min insan çoxsaylı dərmanlara qarşı müqavimət göstərən bakteriyaya yoluxaraq dünyasını dəyişir. Onlardan 33 mini yalnız Avropa İttifaqının payına düşür.
Azvision.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, ölkəmizdə antibiotiklərdən lazımi şəkildə istifadə etməklə onların effektivliyinin qorunub saxlanması və onların qəbulunun yalnız ixtisaslaşmış səhiyyə mütəxəssisi tərəfindən təyin edilməsinə nail olmaq məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə əhali arasında geniş maarifləndirmə və təbliğat işlərini həyata keçirir.

Maarifləndirmə işləri çərçivəsində avtobus dayanacaqlarında insanlara antibiotiklərdən istifadəyə dair maarifləndirici çap materialları paylanılıb. Sakinlərin diqqətini cəlb etmək məqsədilə beş avtobusun üzərinə maarifləndirici lövhələr (billboardlar) quraşdırılıb. Əhalinin daha geniş şəkildə istifadə etdiyi Metropolitenin vaqonlarında da belə lövhələrin yerləşdiriləcəyi planlaşdırılır.

Görülən işlərin davamı olaraq Bakı və Sumqayıt şəhərlərində 2 min nəfər arasında antibiotiklərlə bağlı əhalinin məlumatlılıq səviyyəsini öyrənmək məqsədilə sorğu keçirilib. Sorğuda insanların mövzuya dair bilik səviyyəsi müəyyən edilib və eyni zamanda, bu sahədə qabaqcıl təcrübəyə əsaslanan məlumatlar əhalinin nəzərinə çatdırılıb.



Aparılan sorğu nəticəsində məlum olub ki, iştirakçıların 50.2 faizi son 12 ayda antibiotik qəbul edib. Respondentlərin 23.6 faizi həkim təyinatı olmadan, 30,75 faizi isə oxşar xəstəliklərdə istifadə etdikləri dərmanları yaxın insanların məsləhəti ilə qəbul etdiklərini bildirib. 26.9 faiz respondent hesab edir ki, antibiotiklə müalicə nəticəsində yaxşılaşdıqdan sonra növbəti dəfə xəstələndikdə, həkimlə məsləhətləşmədən eyni antibiotiki özbaşına qəbul etmək lazımdır.

Sorğunun nəticələri göstərib ki, antibiotiklərdən istifadə ilə bağlı ciddi nəzarət mexanizmlərinin olmasına ehtiyac var. İnsanların həkim təyinatı olmadan antibiotiklərdən istifadə etməsi bakteriyaların antibiotiklərə davamlılığını artırır və bu da öz növbəsində insanın uzun müddət xəstəxanada qalmasına, tibbi xidmət xərclərinin yüksəlməsinə, əlilliyin və ölüm hallarının baş verməsinə səbəb ola bilir.

Azvision.az


Teqlər: Səhiyyə-Nazirliyi  





Xəbər lenti