Əlcəzair xalqı yeni prezidentini seçir

  12 Dekabr 2019    Oxunub : 1448
 Əlcəzair xalqı yeni prezidentini seçir
Əlcəzairdə prezident seçkilərinə start verilib.
Azvision.az Əlcəzairin APS agentliyinə istinadən xəbər verir ki, seçkilərin ilk turu kütləvi etirazlar fonunda keçir. Belə ki, ötən çərşənbə günü minlərlə əlcəzairli "köhnə rejim" nümayəndələrinin ölkəni idarə etdiyi şəraitdə seçkilərin keçirilməsinə etirazlarını bildiriblər.

Qeyd edək ki, seçkilərdə beş namizəd prezidentlik uğrunda mübarizə aparır. Onların hamısı eks-prezident Əbdüləziz Buteflikinin hakimiyyəti dövründə yüksək vəzifələr tutublar ki, bu da xalqın narazılığına səbəb olub. Onların arasında ən güclü namizəd sabiq baş nazir, “Talaia əl-Hürriyyət” partiyasının 75 yaşlı rəhbəri Əli Benflis sayılır.

Əlcəzair hakimiyyəti seçkilərin ölkədə cari ilin fevral ayından başlayan qeyri-sabit siyasi vəziyyətə son qoyacağını hesab edir. O zaman güclü xalq etirazları nəticəsində ölkəyə təxminən 20 il rəhbərlik edən Əbdüləziz Buteflika istefa vermək məcburiyyətində qalmışdı. Bundan sonra konstitusiyaya uyğun olaraq parlamentin yuxarı palatasının spikeri Əbdülqadir Bensalah ölkənin müvəqqəti rəhbəri vəzifəsini tutmuşdu.

Xatırladaq ki, Əlcəzairdə prezident birbaşa səsvermə nəticəsində beş il müddətinə seçilir. Seçkilərin ikinci turuna ehtiyac yaranarsa, ilk turun nəticələri elan olunduqdan 15 gün sonra keçirilməlidir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilər siyahısında 24 milyon vətəndaşın adı var.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Əlcəzair   Xalq   Seçki