“Milli Şura getsin Seçki Məcəlləsini diqqətlə oxusun” - Siyavuş Novruzov

“Milli Şura getsin Seçki Məcəlləsini diqqətlə oxusun” -  Siyavuş Novruzov
  12 Dekabr 2019    Oxunub:3407
"Azərbaycanda 50-dən artıq siyasi partiya var və onların 40-dan çoxu parlament seçkilərində iştirak edəcək".

Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
YAP rəsmisi bildirib ki, Azərbaycanda qeyri-hökumət təşkilatları, mətbuat nümayəndələri, yaradıcı insanlar, incəsənət xadimləri də seçkilərdə iştirak edəcəkləri ilə bağlı bəyanat veriblər: "Xüsusilə də gənclər, o cümlədən xaricdə təhsil alıb gələn gənclər bu işə böyük həvəs göstərir. Yəni namizədliklərini irəli sürmək üçün çoxlu şəxslər var".

S.Novruzovun sözlərinə görə, Milli Şura cəmiyyətə yalnış informasiya sırımaq istəyir ki, guya seçkidə iştirak etməsələr, seçki qeyri-demokratik olacaq: "Dünyanın heç bir yerində, beynəlxalq hüquq normasında, Azərbaycan Konstitusiyasında, Seçki Məcəlləsində elə bir müddəa yoxdur ki, hansı təşkilat iştirak etdi və ya etmədi. Söhbət alternativlikdən gedir. Yəni bir yerə iki namizəd varsa, artıq burada alternativlik təmin olunub və orada seçki keçirmək mümkündür. Ona görə də kimin iştirak edib-etməməsi hər kəsin öz hüququdur. O ki qaldı, Milli Şuraya, onun qaldırdığı məsələlərin hər biri Seçki Məcəlləsində var. Milli Şura getsin Seçki Məcəlləsini diqqətlə oxusun. Onlar ya Seçki Məcəlləsini düzgün oxumayıblar, ya da oxuyub düzgün təqdim etmirlər və insanları aldatmağa çalışıb, seçkilərin üzərinə kölgə salmaq istəyirlər. Halbuki onların sosial bazası, elektoratı yoxdur və bilirlər ki, seçilməyəcəklər. Çünki xalq onlara etimad göstərməyəcək və irəli sürməyə namizədləri yoxdur. Bu baxımdan, seçki prosesinin üzərinə kölgə salmaq, özlərinin zəifliklərini ört-basdır etmək üçün seçkiyə getmək istəmirlər".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: YAP   Seçki   Müxalifət   SiyavuşNovruzov  





Xəbər lenti