Bakıda bəzi yollar bağlanıb

  12 Dekabr 2019    Oxunub : 1495
 Bakıda bəzi yollar bağlanıb
Bu gün ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 08:00-dan tədbir tam başa çatanadək Fəxri Xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub.

Ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından, Parlament prospekti istiqamətində, yəni Abbasqulu Abbaszadə, İzzət Nəbiyev və Milli Qəhrəman Şövqiyar Abdullayev adına küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdirilib.

Azvision.az

Teqlər: Yol