Azərbaycanda ilk Bioplastik zavodu tikiləcək

Azərbaycanda ilk Bioplastik zavodu tikiləcək
  12 Dekabr 2019    Oxunub:4171
Dekabrın 11-də İnnovasiyalar Agentliyinin dəstəyi ilə "TechnipFMC" və "Yeni Kapital" şirkətləri arasında Bioplastik ("PLA") zavodunun tikintisinə dair müqavilə imzalanıb.
Azvision.az xəbər verir ki, sənədi İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli, "TechnipFMC" şirkətinin prezidenti Marko Villa, “TechnipFMC”nin ölkə üzrə meneceri Luici Fiorentino və "Yeni Kapital" şirkətinin baş icraçı direktoru Kənan Nəcəfov imzalayıblar.

Zavodun inşası İnnovasiyalar Agentliyinin tabeliyindəki Yüksək Texnologiyalar Parkında nəzərdə tutulur. Bu, layihəyə vergi və gömrük güzəştləri təmin edəcək.

Layihə ətraf mühitin, su hövzələrinin ekoloji təmizliyi və insan sağlamlığı baxımından çox əhəmiyyətlidir. Bioplastik başqa polimerlərlə müqayisədə təbiətdə çox tez çürüyür və bu çürümədən alınan maddə bioloji baxımdan təhlükəsiz, təmiz məhsul sayılır. Bioplastik ətraf mühitə və insan sağlamlığına təhlükə yaratmır. Onun istehsalı nəticəsində təbiətə buraxılan CO2 (karbon qazının) həcmi sıfra bərabərdir. Bioloji tərkibli və təbiətdə çürüyən "PLA" polimeri geniş tətbiq olunan neft əsaslı plastikləri əvəzləyə biləcək.

Bildirilib ki, "PLA" xüsusi texnoloji proseslər (fermentləşdirmə, saflaşdırma, oliqomerləşmə və polimerləşmə) nəticəsində şəkərdən əldə edilmiş məhsuldur. Qarğıdalı və şəkər onun istehsalı üçün xammal mənbəyi olacaq. "PLA" birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsulların (qida qabları, süfrə, çanta, müxtəlif təyinatlı əşyalar) istehsalında tətbiq olunacaq.

"PLA" fərqli sektorlarda yeni sahələrin (tibbi qurğular, bioloji parçalanan mebellər, 3D çap, yüksək texnoloji avadanlıqlar, toxuculuq və sair) yaranmasına da təkan verəcək. Əhalinin məşğulluğu üçün əhəmiyyətli sayılan bu layihə çərçivəsində sənaye, kənd təsərrüfatı, təkrar emal, xidmət, logistika və bir sıra başqa istiqamətlərdə yeni iş yerləri açılacaq.

Mövcud plana görə, ilk 3-5 il ərzində zavodun tikinti və quraşdırılmasında 1000-dən çox mühəndis və inşaatçı çalışacaq. Növbəti illərdə isə bu layihə ilə bağlı müxtəlif sahələrdə çalışanların sayı 7 min nəfərdən çox olacaq.

"PLA" layihəsi sayəsində ölkəmizə hər il 100 milyon dollardan çox valyuta daxil olması gözlənilir. Layihənin illik gəliri ən azı 110 milyon dollar olacaq. Qoyulan investisiyanın isə 5 il müddətinə qaytarılması nəzərdə tutulub. Layihə üzrə tikiləcək zavodun dəyəri 150 milyon avro təşkil edir.

Azvision.az


Teqlər: İnnovasiyalarAgentliyi   Zavod  





Xəbər lenti