Dövlət Komitəsində müşavirə keçirilib

  11 Dekabr 2019    Oxunub : 1010
Dövlət Komitəsində müşavirə keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, müşavirədə Dövlət Komitəsinin rəhbərliyi, eləcə də mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər. Tədbirdə əvvəlcə 12 dekabr Heydər Əliyevin anım günü ilə bağlı Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, 2019-cu il Azərbaycan üçün mühüm uğurlarla və bir sıra əlamətdar hadisələrlə zəngin olub.

Dini sahə ilə bağlı ilin ən mühüm hadisəsi noyabr ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi olub. O, 70 ölkədən 500 nümayəndənin, nüfuzlu beynəlxalq təşkilatların qatıldığı zirvə görüşünün dinlərarası dialoqun möhkəmləndirilməsinə, mədəni əməkdaşlığa yaxşı imkanlar açdığını vurğulayıb.

M.Qurbanlı belə mötəbər tədbirin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi tamam olmasına təsadüf etməsini islami dəyərlərimizə və din xadimlərinə dövlət qayğısının növbəti təzahürü kimi dəyərləndirib.

Prezident İlham Əliyevin Sammitdəki çıxışında din sahəsindəki bütün məsələlərin, qarşıda duran vəzifələrin öz əksini tapdığını deyən DQİDK sədri il ərzində ölkədə dini durumla bağlı sabitliyi təmin etmək, qoruyub-saxlamaq, həmçinin tolerant mühitin daha da sağlamlaşdırılması, mənfi təzahürlərin aradan qaldırılması üçün bir sıra əhəmiyyətli addımların atıldığını diqqətə çatdırıb. Dövlət Komitəsinin əsasən 2 istiqamətdə - din pərdəsi adı altında yad dini baxışların yayılmasının qarşısının alınması və xurafata, cəhalətə qarşı sistemli şəkildə maarifləndirmə tədbirlərinin keçirdiyini bildirib.

Cəmiyyətin bütün təbəqələrini əhatə edən tədbirlərin müxtəlif idarə və müəssisələr, məktəblər, ali təhsil müəssisələri, hərbi hissələr, cəzaçəkmə müəssisələrində reallaşdırıldığını diqqətə çatdıran Mübariz Qurbanlı qeyd edib ki, sözügedən tədbirlər cəmiyyəti, xüsusilə gəncləri dini mühitdəki tendensiyalar, xaricdən yönəlmiş təhdidlər, yad ideologiyaların ölkəmizə ixracına cəhdlər barədə məlumatlandırılmasında və maarifləndirilməsində xüsusi önəmə malikdir. Komitə sədri növbəti ildə də bu tədbirlərin əhatə dairəsinin genişləndirilməsinin nəzərdə tutulduğunu və bunun Dövlət Komitəsinin 2020-ci il üçün nəzərdə tutulmuş Tədbirlər Planında öz əksini tapdığını bildirib. Sonda Dövlət Komitəsinin 2020-ci il üçün fəaliyyət planı, qarşıya qoyulan məqsədlər, görüləcək işlər, problem və perspektivlər geniş müzakirə edilib.

Azvision.az

Teqlər: DQİDK