Zəhərli maddələrin məhvi ilə bağlı proqram hazırlanıb

Zəhərli maddələrin məhvi ilə bağlı proqram hazırlanıb
  07 Dekabr 2019    Oxunub:2187
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının zərərsizləşdirilməsi və ya məhv edilməsi istiqamətində zəruri tədbirlər görülməsi məqsədilə görüş keçirilib.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, görüşdə Agentlikdə istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi üzrə yaradılmış İnventarlaşdırma Komissiyası ilə birgə çalışması üçün yaradılmış işçi qrupların üzvləri - kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər, fövqəladə hallar, səhiyyə, daxili işlər, iqtisadiyyat, maliyyə nazirliklərinin, eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Əmlak Məsələləri üzrə Xidmətin mütəxəssisləri, həmçinin yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri iştirak edib.

Agentliyin Bitki sağlamlığı şöbəsinin müdiri, İnventarlaşdırma Komissiyasının sədri Xəyalə Dadaşova bitki mühafizəsi sahəsində istifadə edilən zəhərli kimyəvi maddələrin düzgün istifadə və idarə edilmədiyi hallarda insan sağlamlığına, eyni zamanda ətraf mühitə vurduğu zərərlərdən danışıb. Agentlik tərəfindən sözügedən məsələlərin daima diqqətdə saxlanıldığı və bu istiqamətdə yaranmış problemlərin aradan qaldırılması istiqamətində müvafiq addımların atıldığı diqqətə çatdırlıb. Eyni zamanda yaradılan işçi qrupun üzvləri tərəfindən də sözügedən məsələyə ciddi yanaşıldığını və görüləcək işlərin səmərəli olması üçün müvafiq təkliflərin verildiyini, təkliflər əsasında fəaliyyət proqramının hazırlandığını bildirib.

Görüşdə yararsız zəhərli kimyəvi maddələrin zərərsizləşdirilməsi məqsədi ilə onların saxlanıldığı Cəngi Pestisid Poliqonunda müvafiq təmir işlərinin aparıldığı, hazırda yararsız preparatların təhlükəsiz halda həmin yerdə müvəqqəti dövr üçün saxlanılmasında problem olmadığı vurğulanıb.

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti