ABŞ-a görə Rusiya gəmisinə həbs qoyuldu

ABŞ-a görə Rusiya gəmisinə həbs qoyuldu
  06 Dekabr 2019    Oxunub:2964
Sinqapur limanının səlahiyyətliləri borca görə ABŞ-ın sanksiyaları altına düşən Rusiyanın “Sevastopol” gəmisini həbs edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Sinqapur tərəfi gəmini satmaq üçün məhkəmədən icazə almaq niyyətindədir.

Qeyd edək ki, ABŞ 2018-ci ilin avqustunda Şimali Koreyaya tətbiq olunan sanksiyalar siyahısına iki Rusiya şirkətini, “Hudson” və “Sevastopol” da daxil olmaqla altı gəmini salıb.

Birləşmiş Ştatların Maliyyə Nazirliyi iddia edir ki, siyahıdakı gəmilər Rusiyadan Şimali Koreyaya təmizlənmiş neft məhsullarının çatdırılmasında iştirak edib. Şirkət isə bu tədarükdə iştirakı barədə iddiaları rədd edib.

“Gəmi Sinqapura çatanda, köməkçi mühərriklər qırılıb. Ona görə də Sinqapurun təmir şirkətləri ilə əlaqə saxlanlıb. Lakin gəmi sanksiya altında olduğundan şirkətlərin 80%-i təmirdən imtina ediblər, razı olanlar isə çox yüksək qiymət söyləyiblər. Rusiyadan usta gətirməyə çalışsalar da, Sinqapur hakimiyyəti müxtəlif bəhanələrlə buna imkan verməyib. Nəticədə gəminin dayanacaq üçün borcu yaranıb və səlahiyyətlilər gəmini həbs ediblər", - deyə “Hudson” gəmiqayırma şirkətinin baş direktor müavini Oleq Anikin bildirib.

Onun sözlərinə görə, gəmi limandan çıxa bilmir. Bundan əlavə, şirkətlər yanacaq satmırlar. Gəmidə 12 heyət üzvü var.

Pərvanə Sultanova
Azvision.az



Teqlər:





Xəbər lenti