Brüsseldə Azərbaycanla bağlı dəyirmi masa keçirilib

Brüsseldə Azərbaycanla bağlı dəyirmi masa keçirilib
  06 Dekabr 2019    Oxunub:1977
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşəbbüsü ilə Avropa İttifaqının (Aİ) siyasi mərkəzi Brüsseldə nüfuzlu beyin mərkəzi olan Avropa Siyasət Mərkəzində (EPC) dəyirmi masa keçirilib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən Azvision.az -a verilən məlumata görə, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərliyinin, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin, Brüsseldəki müxtəlif qurum və təşkilatların iştirak etdiyi görüşdə əsas müzakirə mövzusu Azərbaycanla Aİ münasibətləri və Ermənistan – Azərbaycan münaqişəsi ilə bağlı son vəziyyət olub.

Tədbirdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin mövcud vəziyyəti müzakirə olunaraq yenilənməsi gözlənilən çərçivə sazişi ilə bağlı danışıqlardan bəhs edilib.

BMTM-in sədri Fərid Şəfiyev qonaqlara bildirib ki, Azərbaycan Aİ ilə bərabərhüquqlu tərəfdaşlıqda maraqlıdır və tərəflər arasındakı enerji və nəqliyyat sahəsində artıq reallaşdırılmış çoxsaylı layihələr bu tərəfdaşlıq üçün əhəmiyyətli zəmin hazırlayıb.

Daha sonra Fərid Şəfiyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq Dağlıq Qarabağ və ətraf rayonların qanun işğalını davam etdirir. O, qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyanın danışıqlar prosesini pozan populist və əsassız bəyanatları nəticəsində bu il ərzində problemin həlli istiqamətində irəliləyiş əldə olunmayıb. F. Şəfiyev Avropa İttifaqını münaqişənin həllinə regiondakı oxşar digər münaqişələrə göstərilən diqqət və dəstəyi göstərməyə çağırıb.

Öz növbəsində Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev işğal nəticəsində öz vətənindən didərgin düşən insanların uzun illərdir məcburi köçkün statusunda yaşamasının və onların fundamental hüquqlarının pozulmasının yolverilməz olduğunu bildirib. O, icma rəhbəri seçilməsindən keçən bir il ərzində icmanın gördüyü işlərdən bəhs edib və münaqişənin sülh yolu ilə həllinə dəstək olmaq üçün Dağlıq Qarabağın erməni əhalisi ilə danışıqlara hazır olduğunu diqqətə çatdırıb.

Azvision.az


Teqlər: Brüssel  





Xəbər lenti