“Konstitusiya Məhkəməsinin bugünkü qərarı hüquqa söykənir” - ŞƏRH

 “Konstitusiya Məhkəməsinin bugünkü qərarı hüquqa söykənir” -  ŞƏRH
  05 Dekabr 2019    Oxunub:3693
“Konstitusiya Məhkəməsi bu gün qəbul etdiyi qərarla Milli Məclisin buraxılması ilə bağlı məsələyə hüquqi baxımdan aydınlıq gətirdi”.

Bunu Azvision.az -a şərhində “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, 2016-cı ildə referendum vasitəsilə Konstitusiyaya dəyişikliklər olunduqdan sonra parlamentin buraxılması institutu ana qanunumuza daxil olub:

“Azərbaycanda ilk dəfədir ki, Milli Məclisin buraxılması ilə bağlı məsələ meydana çıxır. Təbii olaraq bu maddənin necə təsdiqi ilə bağlı çoxsaylı suallar ola bilər. Bütün bunlara aydınlıq gətirmək üçün ölkə başçısı tərəfindən çox düzgün və çox əhəmiyyətli addım atıldı və Milli Məclis tərəfindən növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müraciətin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu ünvanlandı. Bu gün Konstitusiya Məhkəməsi müraciətdə göstərilən əsasların doğrudan da Milli Məclisin buraxılması üçün yetərli olduğu qənaətinə gəldi və müvafiq qərar qəbul etdi”.

Ə.Nuriyev xatırladıb ki, başqa qərarın qəbul edilməsi situasiyanı qəlizləşdirə bilərdi: “Milli Məclisin mütləq əksəriyyəti – 99 nəfər bu qərara səs verdi ki, partlament bundan sonra üzərinə düşən vəzifələri həll etmək iqtidarında deyil. Yəni Milli Məclisin öz vəzifələrini icra edə bilməməsinin mümkünsüzlüyü baş verdi. 99 deputatın iradəsi gələcəkdə Milli Məclisdə ciddi böhranın yaranmasına gətirib çıxara bilərdi. Çünki müraciətlər olur, deputatlar yığışmadığından Milli Məclis işini təşkil edə bilmir. Azərbaycan Respublikasının Konstitusiyasının həm 94-95-ci maddəsinin, həm də 99.1-ci maddəsinin əsasları yaranmışdı ki, parlament buraxılsın. Bunun da yeganə subyekti cənab Prezident idi. Konstitusiya Məhkəməsi öz qərarı ilə Prezidentin belə bir hüququ reallaşdırmasına hüquqi müstəvidə imkan yaratdı. Yəqin ki, yaxın günlərdə ölkə başçısı tərəfindən Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul ediləcək”.

Hüquqşünasın sözlərinə görə, Konstitusiyada Milli Məclisin həll etdiyi bir çox məsələlər var. Belə ki, parlament fəaliyyət göstərmədən onları həll edə bilməz: “Ona görə də Konstitusiya Məhkəməsi ana qanunumuzun 111-113-cü maddələrinə istinad edərək mühüm bir şərh də verdi ki, yeni Milli Məclis formalaşanadək parlament səlahiyyətlərini davam etdirsin. Bu da başa düşüləndir. Hesab edirəm ki, Konstitusiya Məhkəməsinin bu gün verdiyi qərar hüquqa söykənir. Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün bütün hüquqi yollar açıqdır. Bundan sonra cənab Prezidentin parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı fərman verməsi qalır. Konstitusiya Məhkəməsi bugünkü qərarla müvafiq fərmanın verilməsi istiqamətində bütün hüquqi maneələri aradan qaldırdı”.

Qeyd edək ki, bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılıb. Konstitusiya Məhkəməsi Plenumu Milli Məclisin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: KonstitusiyaMəhkəməsi  





Xəbər lenti