Bu il məişət zorakılığı ilə bağlı 146 fakt qeydə alınıb

  02 Dekabr 2019    Oxunub : 3055
Bu il məişət zorakılığı ilə bağlı 146 fakt qeydə alınıb
2019-cu ilin noyabrın 1-nə olan məlumata əsasən, Məişət zorakılığı ilə bağlı Məlumat Bankına 146 fakt daxil olub.

Bunu Azvision.az -a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova bildirib.
Onun sözlərinə görə, Məlumat Bankına 2018-ci ildə daxil olan zorakılıq faktları 462 olub: "Bu məlumatlar icra hakimiyyətləri, Daxili İşlər Nazirliyi və akkreditasiyadan keçən yardım mərkəzləri tərəfindən daxil olur. Burada qanundan irəli gələrək məişət zorakılığının 4 forması - fiziki, cinsi, iqtisadi xarakterli məhrum etmə və mənəvi psixoloji zorakılıq üzrə rəqəmlər əksini tapıb. Onların da təhlilləri aparılır, araşdırmalar gedir".

A.Veysəlova qeyd edib ki, Məlumat Bankına daha çox fiziki zorakılıqla bağlı faktlar daxil olur: "Fiziki zorakılıq davranış və yanaşmadan başlayır. Burada psixoloji amil üstünlük təşkil edir. Əvvəlcə sözlə münaqişələr olur, sonra fiziki zorakılığa və qətl hadisələrinə gətirib çıxarır. Münaqişə olan ailəyə ilkin müdaxilə olmayanda sonradan münasibətlər kəskinləşə və cinayət tərkibli zorakılıq hallarına keçə bilər".



Komitə rəsmisi əlavə edib ki, Banka daxil olan faktlar əsasən qadınlara qarşı zorakılıqla bağlıdır:

"Məlumatların 86 faizi qadınlara, 14 faizi kişilərə qarşı məişət zorakılığı faktlardır. Kişilərə qarşı zorakılıq yetkinlik yaşına çatmayan oğlanların ögey ataları, qəyyumları, ögey anaları və ya öz doğma ataları, əmiləri tərəfindən döyülmə ilə əlaqədardır. Bu həm də kişinin kişiyə, kişinin yetkinlik yaşına çatmayan oğlana, kişinin ahıl şəxsə olan zorakılığıdır. O demək deyil ki, qadın kişiyə qarşı zorakılıq edib. Qadınların kişilərə zorakılıq törətmə faktları çox aşağıdır, heç 1 faiz etmir".

Regionlardan daha çox məişət zorakılığı ilə bağlı faktların daxil olduğunu deyən A.Veysəlova vurğulayıb ki, bunun kökündə qadınların təhsil səviyyəsinin aşağı olması, iqtisadi cəhətdən asılılığı və dəstəyinin olmaması durur.

Aytən Zəhra
Azvision.az

Teqlər: Zorakılıq   Məlumat-Bankı