"Azərbaycanla münasibətlərə xüsusi önəm veririk" - Yaponiya XİN

   "Azərbaycanla münasibətlərə xüsusi önəm veririk" -    Yaponiya XİN
  29 Noyabr 2019    Oxunub:2251
21 noyabr 2019-cu il tarixində Tokio şəhərində Azərbaycan və Yaponiya Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
Azvision.az XİN-ə istinadən xəbər verir ki, məsləhətləşmələrdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Ramiz Həsənov, Yaponiya tərəfini isə Xarici İşlər Nazirliyinin Avropa məsələləri bürosunun baş direktorunun müavini, Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndə, səfir Hideki Uyama təmsil edib.

Məsləhətləşmələr zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyinə daxil olan bir-çox məsələlər ətrafında, o cümlədən Azərbaycan və Yaponiya arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdirilməsi, siyasi dialoqun dərinləşdirilməsi, qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam edirilməsi və digər mövzular üzrə geniş müzakirələr aparıblar.

Yaponiya rəsmisi bildirib ki, Yaponiya Azərbaycan ilə münasibətlərə xüsusi önəm verir, bu da ölkəmizin Cənubi Qafqazda ən vacib dövlət olduğundan, Azərbaycanın regionda sabitliyin və sülhün bərqərar olunmasında mühüm rol oynadığından irəli gəlir. Həmçinin o, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

R.Həsənov öz növbəsində iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, əməkdaşlığımızın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Nazir müavini iki ölkə arasında enerji sahəsində faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib, bununla yanaşı, qeyri-enerji sektorunda yüksək potensialın mövcudluğu nəzərə alaraq, kənd təsərrüfatı, turizm, sənaye, nəqliyyat, informasiya texnologiyaları, səhiyyə, təhsil, idman və əczaçılıq sahələrində əməkdaşlığın inkişafı ilə bağlı birgə səylərin fəallaşdırılmasının zəruriliyini qeyd edib.



Görüş zamanı Cənubi Qafqazda davam edən münaqişələrin, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionun sabitlik və təhlükəsizliyinə təhdid olduğu qarşı tərəfin diqqətinə çatdırılıb və münaqişənin həlli prosesinin cari vəziyyəti haqqında qarşı tərəf geniş şəkildə məlumatlandırılıb. Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə fikir mübadiləsi aparılıb və R.Həsənov ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında münaqişənin həllini tələb edən BMT TŞ-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi ilə bağlı beynəlxalq birliyin səylərinin artırılmasının vacibliyini vurğulanıb.

H.Uyama Dağlıq Qarabağ münaqişəsinin həllinin Qafqaz regionunda sülh və stabillik üçün çox vacib olduğunu, bununla əlaqədar ölkəsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiyini bəyan edib, məsələnin tezliklə beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllini arzulayıb.

Səfər zamanı nazir müavini Ramiz Həsənovun Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Şiniçi Nakatani ilə də görüşü baş tutub.

Azvision.az


Teqlər: XİN   Yaponiya  





Xəbər lenti