“Bağdadi öldürüldümü?” - Tramp zarafat edib

 “Bağdadi öldürüldümü?” -  Tramp zarafat edib
  27 Noyabr 2019    Oxunub:2231
“ABŞ Prezidenti Donald Tramp zarafatla İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi əməliyyatına kömək göstərdiyinə görə Suriyaya təşəkkür edib".
Azvision.az xəbər verir ki, bu barədə Suriya Prezidenti Bəşər Əsəd "Paris Match" nəşrinə müsahibəsində deyib.

"Mən bu sual hər dəfə qaldırılanda gülürəm - Suriya ABŞ-a əl-Bağdadi haqqında məlumat veribmi? Çünki daha vacib bir sual verməlisiniz: ümumiyyətlə, əl-Bağdadi öldürüldümü? Amerikalıların oynadığı bu "heyrətamiz tamaşa" əslində realda baş veribmi?", - deyə Əsəd vurğulayıb.

O qeyd edib ki, Tramp İŞİD liderinin məhvində göstərdiyi köməyə görə Suriyaya təşəkkür edən zaman zarafat edib: "Bu, Trampın zarafatlarından biridir".

Qeyd edək ki, Əsəd daha əvvəl Dəməşqin əl-Bağdadinin aradan qaldırılması ilə bağlı ABŞ-la əlaqə yaratmadığını və dəlil təqdim olunmayana kimi onun ölümünün real olduğuna inanmadığını söyləyib.

Tramp oktyabr ayında ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin Suriyanın İdlib əyalətində keçirdiyi əməliyyat nəticəsində əl-Bağdadinin məhv edildiyini bəyan edib. O, əməliyyatda göstərdiyi köməyə görə, Rusiya, Türkiyə, Suriya və İraqa təşəkkür edib.

Daha sonra Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov Moskvanın əl-Bağdadini "məhv etmək" üçün əməliyyat keçirdiyinə dair etibarlı məlumata sahib olmadığını söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tramp   ABŞ   Suriya   Əsəd  





Xəbər lenti